26 Oktyabr 2016 09:00
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on altıncı tədris ilinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, adı çəkilən məktəbə cəlb olunmuş yeni üzvlər, ümumən 100-dən artıq uşaq, həmçinin valideyn və müəllimlər qatılıblar.

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev Müvəkkil Elmira Süleymanovanın adından iştirakçıları bu günlərdə qeyd olunmuş 18 oktyabr - Dövlət Müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə təbrik edib. O, bu günün Azərbaycanın tarix salnaməsinə xalqımızın öz dövlət müstəqilliyini, milli azadlığını əldə etdiyi əlamətdar hadisə kimi daxil olduğunu diqqətə çatdırmış, ölkəmizin dövlətçiliyinin dərin köklərə malik olduğunu, ikinci dəfə öz müstəqilliyinə qovuşduğunu vurğulamış, aparılan davamlı inkişaf siyasəti sayəsində respublikamızın daha da qüdrətlənməsi, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının bərqərar olması, təhsil, səhiyyə və sosial sahədə, zəngin mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük uğurlar əldə edildiyini söyləyib.

Faiq Ağayev müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üz-üzə qalması, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin inkişaf etdiyini bildirib.

Bununla yanaşı, bu ilin “Multikulturalizm ili” elan olunduğu, bir çox beynəlxalq və respublika miqyaslı tədbirlərin keçirildiyi və bu təşəbbüslərin beynəlxalq miqyasda rəğbətlə qarşılandığı qeyd olunub. Dövlət başçısının 11 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunmasının qərara alındığının və bununla bağlı Tədbirlər Planının təsdiq edildiyinin əhəmiyyəti diqqətə çatdırılıb.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə məlumat verilmiş, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on altı ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilib.

Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzunun bitirdiyi, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər verildiyi, vətənpərvərlik tərbiyəsinin, yurdsevərlik hissinin aşılandığı, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyi qeyd olunub.

Həmçinin Müvəkkilin təşəbbüsü ilə hər il olduğu kimi, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı”nın elan olunduğu, bununla bağlı müvafiq təşkilatlara müraciət edildiyi, dövlət qurumlarının, şəhər və rayon icra hakimiyyətlərinin, QHT-lərin, icmaların və uşaqların fəal iştirakı ilə çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Görüşün sonunda Ombudsman Aparatının şöbə müdiri ötən ilin məzunlarına sertifikatlar təqdim etmiş, yeni üzv olan uşaqlara uğurlar arzulamış, biliklərə mükəmməl yiyələnməyi, ahəngdar inkişaf etməyi, vətənə, xalqımıza sadiq övladlar kimi yetişməyi tövsiyə edib.


Müəllif:

Oxşar xəbərlər