1 Noyabr 2016 15:48
3 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anadan olanda onun adını Bəsti qoymuşdular. Valideynləri beşinci övladın oğlan olacağını arzulayırmışlar, amma...

Həmsöhbətimiz bildirir ki, anası qız dünyaya gətirməkdən “bezdiyi” üçün onun adını Bəsti qoyub. “Kifayət”, “Yetər”, “Qızbəs”, “Tamam” kimi “Bəsti” adı da Azərbaycanda bəzi ailələrdə qıza olan münasibətin göstəricisidir. Bəzi hallarda isə qızlar hələ doğulmadan, ana bətnindəykən yox edilirlər. Onlar məhz qadın olduqları üçün “edam” edilirlər. Gender bərabərliyi, gender rollarının paylaşdırılması, gender stereotipləri və gender etikasının pozulması hallarına bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tez-tez rast gəlinir. Ölkəmizdə gender stereotipləri daha dərin kök salmış və onu sındırmaq müşkül məsələyə çevrilib.

“Bu, böyük fəsadlar yarada bilər”

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndələyinin baş müşaviri Fərid Babayev bildirir ki, qızlara bədbin adların qoyulması gender stereotipinin bariz nümunəsidir: “Çünki bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da oğlan uşaqlarına meyllilik çoxdur. Bu isə böyük fəsadlara gətirib çıxara bilir. Əvvəllər Cənub-Şərqi Asiya ölkələrində yaşanan qadın azlığı problemi bu gün Azərbaycanda da yaşanır. Baş müşavir deyir ki, hazırda Azərbaycanda doğulan hər 100 oğlana 116 qız düşür: "Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cins nisbətinin pozulma dinamikası artıb”.

Bəsti Rüstəmova qeyd edir ki, qadına qarşı diskriminasiyanı lap balaca yaşlarından hiss edib: “Bütün çətinliklərə baxmayaraq təhsildən yayınmırdıq. İşlərimizi tez görüb, dərs oxuyurduq. Bacılarım məktəbi qurtaran kimi ərə verildilər. Amma mən ali təhsil almaqda qərarlı idim. Təzyiqlərə baxmayaraq ali məktəbə daxil oldum. Ödənişsiz ixtisasa qəbul olduğum üçün valideynlərim təhsil almağımıza etiraz etmədilər. Hazırda orta məktəbdə Ədəbiyyat müəllimiyəm”.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tədqiqatına görə, Azərbaycanda qadın və kişilərin təhsil almaq imkanları bərabərdir. 24 qadın və 24 kişi arasında aparılan sorğuların nəticələrinə görə, qadınlardan 11 nəfər ali təhsilli, 7 nəfər natamam ali təhsilli, 6 nəfər isə ümumi orta təhsillidir. Kişilərdən isə 12 nəfər ali təhsilli, ikisi natamam ali təhsilli, 10 nəfəri isə ümumi orta təhsillidir. Göründüyü kimi, Azərbaycanda qadınlar arasında təhsilə maraq daha böyükdür.

Bəsti Rüstəmova bildirir ki, ondan sonra bir qardaşı olub: “Valideynlərim qardaşımı çox ərköyün böyüdüblər. Heç bir işə buyurmurdular. Oxumadı, əsgərliyə getmədi. Məktəbi qurtaran kimi əmimə qoşulub Rusiyaya alverə getdi. İki ildir ki, deportasiya olunub. İşsizdir. Valideynlərimin pensiyası ilə ailsəini dolandırır. Arada biz də kömək edirik”.

Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin rəhbəri Sevil Allahverdiyeva hesab edir ki, Azərbaycanda qadınların hüququları ilk olaraq ailədə pozulur: “Daha sonra işəgötürmədə, işdə qadınlara qarşı diskriminasiya siyasəti yürüdülür: “ Bununla bağlı hakim düşüncə belədir; “Oğlan ağır işlərin öhdəsindən gələ bilir”, “Oğlan ailənin, vətənin qoruyucusudur”, “Oğlan nəslin davamçısıdır”. Qızlar isə əksinə, köçəri quşlar kimi təsvir edilir. Bu hakim düşüncənin yanlış olduğunu sübut etmək üçün çoxlu sayda misallar, nümunələr gətirmək olar”.

S.Allahverdiyeva bildirir ki, cəmiyyətdə oğlan uşaqlarına üstünlük verilməsi selektiv abortun əsas səbəblərindən biridir: “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə görə, qadınların hamiləliyin ilk 12 həftəliyində abort etdirmək imkanı var. Abort dölün 22 həftəliyinədək istənilən sosial-iqtisadi göstərişlərlə etdirilə bilər. Hamiləliyin bu dövründə abort etdirmək üçün şəxsi səbəblərlə hamiləlik zamanı ərin vəfatı, hamilə qadının və ya onun ərinin həbsi, analıq hüququndan məhrum edilmə, hamiləlik zamanı boşanma, zorlanma nəticəsində hamiləlik və ailədə əlil uşağın olması daxildir. Hamiləliyin 22-ci həftəsindən sonra abort yalnız tibbi əsaslarla həyata keçirilə bilər. Dölün cinsinə görə abortun edilməsinin qanunla qadağan edilməsi üçün reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanun layihələrinə təkliflər irəli sürülüb”.

Hadı Rəcəbli: “O həkimləri ifşa etmək lazımdır”

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda selektiv abort qadağan edilib.

“Selektiv abort etdirmək həkimlərimizə qadağan edilib. Təəssüf ki, hələ də həkimlər hamilə qadınlara uşağın cinsiyyəti haqda məlumat verir və qızları abort edilir. Problemi sərt qadağalarla həll etmək mümkün deyil. Bunun üçün təbliğat aparılmalı, ictimai qınaq olmalıdır. Dinimiz də qız uşaqlarının məhvini qadağan edir. Bu məsələdə jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Abort edən həkimləri qınamaq, ifşa etmək lazımdır. Səhiyyə Nazirliyi də selektiv abortların aparılmasına nəzarət etməlidir. Həkimlər heç bir zərurət olmadan, valideynin xahişi ilə, xüsuən də, qız uşaqlarını abort edirlər. Bu, qəbuledilməzdir və cəmiyyətdə demoqrafik tarazlığı pozur”.

Xarici təcrübə

Abortlarla bağlı dünya ölkələrində müxtəlif yanaşmalar, qadağalar var.

Əfqanistan, Banqladeş, Anqola, Venesuella, Qvatamella, Honduras, Misir, İndaneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nrpal, Nikarauqa, Oman, Paraqvay, Yeni Qvineya, Salvador, Suriya, Çili kimi ölkələrdə, qadının və ya dölün sağlamlığına təhlükə yoxdursa, selektiv abort qadağan edilib.

Əlcəzair, Argentina, Boliviya, Braziliya, Qaana, İsrail, Keniya, Kosta-rika, Marokko, Meksika, Niqeriya, Pakistan, Peru, Polşa, Uruqvayda, xüsusi hallar nəzərə alınmaqla, aborta qadağa qoyulub. İngiltərə, Hindistan, İslandiya, Lüksemburq, Finlandiya, Yaponiya kimi ölkələrdə yalnız tibbi və sosial-iqtisadi göstəricilər əsasında, həmçinin zorakılıq hallarında abort icazə verilir. MDB Baltik ölkələrində, Avstraliya, Avstrya, Albaniya, Belçika, Bolqarstan, Macarıstan, Vyetnam, Almmaniya , Yunanıstan, Danimarka, İtalya, Kamboca, Kanada, Koreya Xalq Respublikası, Kuba, Monqolustan, Hollandiya, Norveç, Rumınya, Sinqapur, Slovakiya, ABŞ, Tunis, Fransa, Çexiya, İsveç, Cənubu Afrika Respublikasında qadınlara abort azadlığı verilib.

Aynur Veysəlova: “Aborta məcbur edilirlər”

BMT-nin Əhali Fondunun tədqiqatı göstərir ki, abortların sayına görə Azərbaycanı lider ölkələrdən biridir. Qeyd olunur ki, bu, bir tərəfdən uşağın cinsiyyəti ilə bağlıdırsa digər tərəfdən isə cinsi və reproduktiv sağlamlıqla əlaqədar Dövlət proqramlarının catışmamazlığı ilə izah olunur. Qadınlar abort edəndə sənədlərdə öz arzusu ilə abort etdiklərini qeyd edirlər, lakin bəllidir ki, qadınlar bir cox hallarda aborta məcbur edilirlər. Səhiyyə Nazirliyi abortlar nəticəsində son illərdə Azrbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Bunun başlıca səbəbi qadınların riskli hesab edilən abortlara meyllənməsidir. Riskli abortlar adətən 12 həftəlik və daha böyük hamiləliyin süni şəkildə pozulmasıdır ki, həkimlər bunu qadın üçün ciddi təhlükə sayırlar”.

Mehriban Zeynalova: “Selektiv abort qadın hüquqlarının pozulmasına şərait yaradır”

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, selektiv abortlar bir sıra problemlər yaradır: “Ölkə əhalisinin sayı azalır, evlənmək üçün qız çatışmazlığı yaranır, kişilər əcnəbi qadınlarla evlənir, miqrasiya problemləri artır və s. Selektiv abortun ən pis tərəfi odur ki, qadına qarşı münasibət mənfiyə doğru dəyişir. Qadınlara qarşı ayrı-seçkiliklə bağlı qadağaların kağız üzərində qalması, gələcəkdə zərif cinsin nümayəndələrinin hüquqlarının daha geniş şəkildə pozulmasına şərait yaradır. Bir sözlə, selektiv abort qadına qarşı zorakılığın bariz nümunəsidir”.

Ginekoloq: “Abot qadın sağlamlığı üçün təhlükədir”

Ginekoloq-cərrah Naibə Həsənovanın sözlərinə görə, hər bir qadın süni abortun onun orqanizmi üçün zərərli olduğunu bilməlidir: “Abort bir sıra ginekoloji xəstəliklər - qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq qanaxmaları, hormonal pozğunluqlar, sonsuzluq və s. yaradır. Uşaqsalma qadının nəsilartırma fəaliyyətinə mənfi təsir göstərir. Bir neçə dəfə abort etdirən qadının sonradan dünyaya gətirdiyi uşaq qüsurlu olur. Azərbaycanda hamiləliyin 7 həftəyə qədər pozulmasına icazə verilsə də, mən ginekoloq-cərrah kimi, ümumiyyətlə, bu cür əməliyyatları qəbul etmirəm. Hesab edirəm ki, əgər heç bir tibbi zərurət yoxdursa, abort, xüsusilə, selektiv abort yolverilməzdir”.

Ginekoloq-cərrah qeyd edir ki, bu məsələdə ən böyük məsuliyyət ər və arvadın üzərinə düşür: “Arzuolunmaz hamiləlikdən qorunmaq lazımdır. Bu, bir mədəniyyət, dünya görüşü məsələsidir. Hamilə olduqdan sonra süni şəkildə uşaqsalma əməliyyatına girmək həm hüquqi, həm dini, həm də insanu baxımdan yolverilməzdir”.

Hələ ana bətnində olarkən qız uşaqlarına “qırmızı işıq” yandıranlar, qadağalar tətbiq edənlər bilməlidirlər ki, ailənin xöşbəxtliyi övladların cinsində yox, təlim-tərbiyyəsindədir. Necə ki, qəhrəmanımız Bəsti Rüstəmova da anadan olanda valideynləri onu könülsüz, təəssüflə qarşılamışdılar, amma bu gün o, şagirdləri tərəfindən sevilən müəllim, övladları üçün qayğıkeş ana, valideynlərinə dayaq duran övladdır.

Odur ki, hər birimiz selektiv aborta yox deməklə bərabər, ətrafımızdakıları bu cür zərərli, təhlükəli addımlardan çəkindirməyə çağırmalıyıq.

Ruslan Xəlilov


Müəllif:

Oxşar xəbərlər