Azərbaycanda intiharların, xüsusilə, uşaq və yeniyetmələrin özünəqəsd hallarının artması ciddi narahatlıq doğurur.
Statistik göstəricilərə əsasən, intiharların sayının artmasıyla yanaşı, yaşı da cavanlaşır. Hazırda dünyada özünəqəsd halları 30 yaşa qədər cavanlar arasında daha çox yayılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məlumatına əsasən, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 uşaq intihar edib.
Psixoloq Aida Namazova Teleqraf.com-a bildirib ki, özünəqəsd halları bütün dövrlərdə və bütün yaş hədlərində aktual olub. Ancaq təəssüf ki, son vaxtlar bu mənfi hal uşaq, yeniyetmə və gənclər arasında artmaqda davam edir: “Bunun ilkin səbəbi televiziya kanallarında qorxulu cizgi filmlərin, aqressiya nümayiş etdirən filmlərin, cinayət verilişlərinin yayımlanmasıdır. Bu kimi nümayişlərdə müəyyən davranışlar, aqressiv səhnələrin göstərilməsi insanı intihara daha da vadar edir”.
Psixoloqun fikrincə, ailələrdə harmonik mühitin pozulması, ailədaxili münaqişələrin çoxalması da buna zəmin yaradan amillərdəndir: “Eyni zamanda, uşaqların bir-birinə qarşı münasibətləri, özlərini yaşıdlarıyla müqayisə məsələləri, “onda olan məndə yoxdur” kimi fikirlər də onlara mənfi təsir göstərir.
Yeniyetmə və gəncləri intihara sövq edən səbəblərdən biri isə uğursuz sevgi münasibətləridir”.
Aida Namazova qeyd edir ki, əsasən, valideynlə övlad münasibətləri onların özünü məhv etməsinə səbəb ola bilir: “İstənilən yeniyetmə və gəncin psixoloji problemləri olur. Əgər valideynlər və ətrafdakı insanlar onun problemi ilə maraqlanmırsa və bu problemi həll etməyə çalışmırsa, təbii ki, o insanda intihar meyilləri olacaq. Valideynlə övlad arasında qarşılıqlı anlaşma, ünsiyyət, dostluq münasibətləri olmalıdır”.
Psixoloqun sözlərinə görə, valideyn ilk növbədə övladının psixoloji xüsusiyyətlərini bilməlidir: “Valideyn övladının şəxs olaraq necə biri olmasını bilməli, onu dərindən tanımalıdır. İkincisi, övladına necə yaxınlaşmağı müəyyən etməlidir. Üçüncüsü, onun dostuna çevrilmək üçün lazımi addımlar atmalıdır. Psixoloq məsləhəti ilə dəqiq və hesablanmış addım atmaları daha faydalı olar. Lakin valideyn övladına söhbət etmək üsulu ilə də yaxınlaşa bilər.
Ana-ata maraqlanmalıdır ki, onun övladı daha çox nə istəyir, nəylə maraqlanır, nəyə daha çox meyili var, nəçi olmağı azrulayır? Bu kimi suallarla onun xarakterini, daxilini müəyyənləşdirə bilərlər. Bu da onlara köməkçi olacaq”.
Aida Namazovaya görə, uşaqlara mənfi vərdişlərə yiyələnən zaman onlara qarşı qətiyyən sərt üsullardan istifadə etmək olmaz: “Övlad mənfi vərdişlərdən onu acılamaqla, dalaşmaqla, təhqirlə uzaqlaşdırılmamalıdır. Buna ancaq dostcasına yaxınlaşma ilə, səmimi münasibət qurmaqla nail olmaq olar. Ana-ata övlada çatdırmalıdır ki, mən sənin dostunam, bütün hallarda yanındayam və sənin üçün hər şeyi etməyə hazıram”.
Psixoloq söyləyir ki, yeniyetmə və gənclərin vaxtını daha çox sosial şəbəkələrdə keçirməsi onları ətraf mühitdən uzaqlaşdırır və onlarda özünəqapanma yaradır: “Çox zaman onlar özlərini, əsasən virtual aləmdə tapırlar. Sosial şəbəkələrdə qurulan münasibətlər, bu mühitdə ona təsir göstərən amillər də intihara sövq edən səbəblər sırasındadır”.
Sevinc