Dünyada qızılın bahalaşması ilə bağlı məlumatlar tez-tez gündəmə gəlir. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,76 faiz və ya 60,7 dollar bahalaşaraq 1337 dollar, gümüş isə 0,63 dollar bahalaşaraq 18,99 dollara satılıb.
Bəs Azərbaycan mağazalarında vəziyyət necədir? İnsanlar daha çox hansı qızılı alırlar? “Moskva” univermağındakı qızıl-zinət əşyaları satılan bölməyə baş çəkdik.
Qızıl ajiotajına baxmayaraq bölmədə müştəri sarıdan tünlük idi. Alan-almayan hər kəs şüşə altında parıldayan qızıl-zinət məmulatlarına tamaşa edirdi.
Satıcı Nazilə deyir ki, brilyant qaşı olmayan qızıl satır: “Ağır çəkili qızıl əşyalarını nadir hallarda satıram. Bahalı mallar yaxşı getmir. Devalvasiyadan sonra təbii ki, qızılın qiymətində bahalaşma oldu. Çalışırıq qiyməti qaldırmayaq, çünki alış zəifdir. Alver olsun ki, yeni model qızıllar ala bilək”.
Satıcı deyir ki, piştaxtadakı 585 əyarlı Türkiyə qızılının qramı 57, İtaliya qızılının isə 65-75 manat arası dəyişir: “İtaliya qızılının qiyməti firmasına görə dəyişir. 585 əyarlı 5 qramlıq İtaliya qızılını 368 manata, brilyant qaşlı qızılı isə 1250 manata sata bilərik”.
Satıcının sözlərinə görə, alıcılar indi daha çox qaşı olmayan qızıl məmulatlarına meyl edirlər: “Bir məsələ də var ki, indi insanlar qızıl almaqdan çox əllərində olan qızılı satmağa gətirirlər. Mən də öz alıcılarıma məsləhət görürəm ki, qaşsız qızıl alsınlar. Brilyant qaşlı qızıl almırlarsa, sadə qaşlı qızıl almaq onlar üçün pul itirməkdir. Qaşlı qızılın satışda qiyməti baha olur, amma onu satanda qaş qiymətə əlavə olunmur.
Məndən qızıl almaq istəyən müştəridən öncə qızılı hədiyyə və ya özü üçün aldığını soruşuram. Mən əsasən 750 əyarlı qızıl satıram. 585 əyarlı qızıl dəyişdirəndə, satılanda dəyəri düşür. Lombardlarda da 585 əyarlı qızıl götürülmür. Hədiyyə üçün 585 əyarlı qızılı məsləhət görürəm. Əsas odur, alıcı olsun, biz ona qızıl almaqda kömək edərik”.
“Moskva” univermağında əsasən İtaliya Türkiyə və Dubaydan gələn qızıllar satılır.
Nazilənin sözlərinə görə, ticarət mərkəzində İran qızılı satılmır: “İranlılar özləri gəlib, bizdən qızıl alıb aparırlar. İranın öz qızılının əyarı aşağı olur. 21-21 əyarlı qızıllar olur ki, onları da burda satmırlar”.
Məhərrəmlikdən sonra oğluna toy etməyə hazırlaşan Rəfiqə adlı alıcı deyir ki, brilyant komplektə 4500 manat pul verib: “3-cü oğlumu evləndirirəm. Əvvəllər aldığım brilyant komplektin qiyməti indi 500 manata yaxın qalxıb. Qızılın qiymətləri görəndə təəccüblənirəm”.
Sevinc adlı satıcı deyir ki, brilyant qaşlı qızıl komplekti 3500-dən başlayır: “Mən brilyant qaşlı qızıl komplekti satıram. 4300 manata satdığımız komplekt indi çətin gedir. 2700 manata olan komplekt bu gün 3400 manata satırıq. Dünyada qızıl bahalaşıb, amma qiymətlərə dolların da təsiri var”.
Bu piştaxta şüşəsinin altındakı brilyant komplektlərini qiyməti 3500-dən12 min manata kimi davam edir.
Satıcı deyir ki, qızılın qiymətini qaldırmaq onlar üçün də çətin olur: “Hər dəfə qiymət qaldıranda alıcı itiririk. Bu, bizdən asılı deyil. Bu günün məzənnəsinə uyğun olaraq, qızıl komplektini ən ucuz 3300-3500 sata bilərik. Sabah nə olacağını bilmirik, yəni, qiymət qalxa da, enə də bilər. Ümid edirik enəcək, alıcılarımız da çoxalacaq”.
Bizimlə həmsöhbət olan digər satıcı deyir ki, əsasən nişan üzükləri satır: “Dubay, İtaliya, Türkiyədən gətirdiyim brilyant qaşlı üzüklər 550-750 manat arası dəyişir. Fransa, Kanada malı olan üzüklər də var. Onların arasında brend mallar var, qiyməti 5 min manatdır”.
Satıcılar qızılların şəklini çəkməyimizə çətinliklə razılaşdılar. Bildirdilər ki, şəkili çəkib kiməsə göstərməkdənsə, həmin insan ilə gəlib, qızıla baxsın və alsın...
İlhamə ƏBÜLFƏT