Artıq ikinci ildir ki, Fransanın Elzas regionunda yerləşən Mülhaus şəhərində keçirilən Milad yarmarkasında yenidən Azərbaycan köşkü fəaliyyət göstərməyə başlayıb. Builki Azərbaycan köşkü Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin Gilan Holdinq şirkəti ilə birgə əməkdaşlığı şəraitində təşkil edilib.
Beş həftə ərzində qonaqlar Azərbaycan qonaqpərvərliyi ilə qarşılanacaq və yüksək keyfiyyətli Azərbaycan şərabları, təravətli çayı, nar şirəsi, gül və əncir mürəbbəsi, ənənəvi şirniyyatlardan, paxlava və şəkərburadan dadmaq imkanı əldə edəcəklər. Həmçinin, ziyarətçilər Milad hədiyyələri olaraq orijinal incə əl işlərini əldə edə biləcəklər. Bunlar arasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş kəlağayılar və Qubada əllə toxunan corablar da var. Onlar, həmçinin, köşkdə olan kitab və broşürları oxuyaraq Azərbaycanın rayonları, xüsusilə, ölkəmizin ən qədim tarixi şəhərlərindən biri və yeni turistik məkanı olan Qəbələ haqqında biliklərini artıra biləcəklər.
Yarmarkanın açılış mərasimində Mülhaus şəhərinin meri Jan Rottner, merin turizm və mədəniyyət tədbirləri üzrə müavini Natali Motte və Elzas Ticarət Palatasının vitse-prezidenti Kristian Keller də iştirak edib. Tədbirdə bildirilib ki, Mülhaus 26-cı Milad yarmarkası, ümumiyyətlə, Elzas regionunda buna bənzər təşkil olunan yarmarkalar artıq ənənəyə çevrilib. Növbəti beş həftə ərzində bir milyondan artıq qonaq bu tədbirdən zövq alacaqdır.
Yarmarkadakı köşkləri ziyarət edən Mülhaus şəhərinin meri Jan Rottner Azərbaycanın stendi qarşısında dayanaraq isti Azərbaycan qonaqpərvərliyi ilə qarşılanıb və ona dadlı paxlava təklif edilib.