“Azərbaycanda fəaliyyət göstərən “ikinci əl” dükanlarına nəzarət yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin sanitar-gigiyena şöbəsinin müdiri Saleh Novruzi bildirib.
Onun sözlərinə görə, əvvəllər ölkəyə gətirilən “ikinci əl” paltarlarına Sanitariya-Karantin Müfəttişliyi nəzarət edirdi: “2016-cı ildə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na geyilmiş paltarlar daxil edilməyib. Hazırda bu geyimlərə müfəttişlik nəzarət etmir. Azərbaycana “ikinci əl” geyimlər əsasən Niderlanddan gətirilir. Bütün Avropadan olan geyimlər Niderlanddakı böyük bir paltar bazasında toplanır. Orada müvafiq dezinfeksiya işləri aparılandan sonra satışa verilir. “İkinci əl” paltarlar Azərbaycanla yanaşı, Avropa, Yaxın Şərq, Asiya ölkələrinə də göndərilir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, “ikinci əl” geyimləri dünyada istehlakçı problemi olaraq dayanır: “Paltarlarla yanaşı “ikinci əl” məişət texnikası, avtomobilləri də dünyada problem olaraq qalır. Azərbaycan isə “ikinci əl” paltarların satışı üstünlük təşkil edir. Bu paltarlardan da şikayətlər daxil olur.
Əhali bilməlidir ki, bu paltarlar Avropa ölkələrində insanların lazım olmayan malları çıxarıb yolun kənarına qoyduqları paltarlardır. Bəzi Azərbaycan biznesmenləri həmin paltarları kiloqramla Avropadan alır, ölkəmizdə ədədlə satırlar. Araşdırma nəticəsində məluma olur ki, həmin paltarlar 20 dəfə baha qiymətə satılır”.
Eyyub Hüseynovun sözlərinə görə, Avropa ölkələrində həmin paltarlara verilmiş gigiyenik sertifikatlarda qeyd edilir ki, onları 5 yaşdan kiçik uşaqlara geyindirmək olmaz: “Amma Azərbaycandakı sertifikatda bu tələb yoxdur. Şəhərdə “ikinci əl” paltarları satılan bütün mağazalarda kiçik uşaqlar üçün də geyimlər var.
Bu cür paltarlar Avropada olan təhlükəli xəstəliyi insanlara yoluxdura bilər. Vətəndaşlar gərək bu paltarları əvvəlcə qaynadıb, ütüləyib geyinsinlər”.
İlhamə ƏBÜLFƏT