25 Mart 2017 13:13
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Türk Ocağında erməni terrorunun qurbanı olmuş Azərbaycanın Daxili İşlər naziri Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirin açılışında çıxış edən "İstanbul Türk Ocakları"nın rəhbəri Cezmi Bayram bildirib ki, gənc nəsillərimizin ortaq tariximizi və böyük ziyalılarımızı yaxından tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək.

Erməni terror təşkilatlarının tarix boyunca törətdiyi terror aktları ilə bağlı həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün görülməli işlərdən danışan araşdırmaçı-yazar, Aygün Həsənoğlu Behbud xan Cavanşirlə bərabər erməni terrorunun hədəfində olmuş digər türk ziyalıları ilə bağlı da geniş məlumatlar verib.

Professor Fethi Gedikli Behbud Xan Cavanşirin erməni terror təşkilatı Daşnaksutunun üzvü Misak Torlokyan tərəfindən qətlə yetirilməsi, qatilin cəza almaması üçün ingilislərin qurduğu məhkəmənin böyük ədalətsizlikləri, cinayətkarın qaçırılması barədə danışaraq həmin məhkəmə prosesini izləmiş Ahmet Cemalleddin adlı jurnalistin yazdığı kitabı illər sonra taparaq yenidən nəşr etdiklərini deyib və gerçəkliklərin bütün dünyaya daha geniş yayılmasının vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycanın və türk dünyasının dəyərli siyasi xadimi və ziyalısı Behbud Xan Cavanşiri gənc nəsillərimizin yaxından tanıması önəmlidir və onun 140 illik yubileyi ərəfəsində bütün türk dünyasında bu istqimətdə tədbirlərə böyük ehtiyac var. Behbud Xan Cavanşirin həyatı ilə bağlı geniş məruzə edən millət vəkili Q.Paşayeva erməni terror təşkilatlarının onu hədəfə alması, qətlə yetirməsi, qatilin ədalət qarşısında cavab vermədən qaçırılmasından danışıb: ”Behbud Xan Cavanşiri qətlə yetirənin kimlər tərəfindən müdafiə edilməsi, necə qaçırılması kimi tarixi faktlar qondarma erməni soyqırımı yalanlarının ifşası üçün də ciddi faktlardır. Biz bu məsələni, onunla bağlı həmin dövrdə yazılmış kitabı müxtəlif xarici dillərə çevirib dünyada yaymalıyıq ki, hər kəs terrorun, soyqırımların kimin tərəfindən həyata keçirildiyini görsün. Eyni zamanda bununla bağlı dünya səviyyəsinə çıxara biləcəyimiz bir filmin çəkilməsi də çox vacibdir”.


Müəllif:

Oxşar xəbərlər