27 Mart 2017 13:31
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ilk Bakı Şopinq Festivalına hazırlıq davam etməkdədir. Beləki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Azərbaycan Konqreslər Bürosu festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün bu günlər öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə gərgin iş rejimində çalışır.

Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək.
Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Həmçinin müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına veriləcək.

Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək. Sahibkarlar festivalda iştirakçı statusu almaqla öz məhsullarını paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.

“Baku Shopping Festival” ilə bağlı bütün təfərrüatlar, qeydiyyat qaydaları, festival günlərində turistlərə təqdim olunacaq tur-paketlər və s. barədə www.bakushopfest.com saytında ətraflı məlumat almaq olar. Sayt Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir.
Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər ki, bu da dünya təcrübəsində bir ilkdir. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək.

Festival Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçiriləcək.

Pərvin


Müəllif:

Oxşar xəbərlər