“Apple” şirkəti sürücüsüz avtomobillər üçün proqram platforması hazırlayaraq ABŞ hakimiyyətindən onların yollarda sınaqları üçün icazə alıb.
Teleqraf.com “ICTnews”a istinadən yazır ki, ABŞ Dövlət Avtomobil Nəqliyyatı Departamenti “Apple” şirkəti tərəfindən 2015-ci ildə buraxılan “Lexus RX540h” markalı özüidarəolunan avtomobillərin sınaqlarının keçirilməsini təsdiq edib. Analoji icazələri, həmçinin “Volkswagen”, “Mercedes-Benz”, “Google”, “Tesla”, “Nissan”, “BMW”, “Honda”, “Ford” və “Bosch” şirkətləri alıb.
Məlumata görə, şirkətin avtomobil hazırlaması ilə bağlı şayiələr 2014-cü ildə yayılmağa başlayıb. Lakin 2016-cı ilin oktyabrında “Bloomberg” agentliyi şirkətin avtomobil yaratmaq fikrindən daşınaraq avtomobil nəqliyyatının avtonom idarəetməsi üçün proqram platformaları üzərində çalışacağı barədə məlumat verib.
2016-cı ilin dekabrında “Apple” ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Milli İdarəsinə (NHTSA) avtopilotlu maşınlar üçün qayda və məhdudiyyətlərlə bağlı mövzuda məktub ünvanlayıb. Məktubda şirkət rəsmən maşınlar üçün avtomatik idarəetmə sisteminin yaradılması üzərində işləməsini təsdiq edərək oxşar avadanlıq istehsalçılarını səyləri birləşdirməyə və qazanılan təcrübəni bölüşməyə çağırıb.