22 Aprel 2017 17:00
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu zaman texnikanın qaldırılması ümumiyyətlə qadağan olunub...

Teleqraf.com-un suallarını Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rasim Kərimov cavablandırıb:

- Rasim müəllim, Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti və funksiyaları haqda məlumat vermənizi istərdik. Xidmətin avadanlıqla təminat səviyyəsi və kadr hazırlığı necə aparılır?

- Dövlət Yanğından Mühafizə Xidməti respublikada qədim tarixə malik Xidmətdir. Demək olar ki, FHN-nin ən böyük xidmətlərindən biridir. Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsi və bunula bağlı təxirəsalınmaz xilasetmə işlərini həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə malik, yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli fərmanı ilə Daxili işlər Nazirliyindən Fövqəladə Hallar Nazirliyinin tərkibinə verilib. Artıq 11 ildir ki, biz FHN-nin bir qurumu kimi fəaliyyət göstəririk. Bu dövr ərzində çox işlər görülüb. 80-ə yaxın Yanğından Mühafizə bölmələri yaradılıb. Respublikanın bütün bölgələrində xidmətlərimiz fəaliyyət göstərir. İl ərzində təxminən 11-13 min arası yanğın hadisəsi baş verir ki, Xidmətimizin bölmələri yanğınların söndürülməsini təmin edir. Yanğından Mühafizə Xidmətinin sıravi və kiçik rəis heyətindən olan şəxsi heyəti "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu"nun tələblərinə uyğun olaraq həqiqi hərbi xidmət keçmiş, fiziki göstəriciləri və sağlamlığı tələblərə cavab verən tam orta və orta ixtisas təhsilinə malik Azərbaycan vətəndaşı olan şəxslər tərəfindən komplektləşdirilir. Orta və böyük rəsi heyəti (zabitlər) vəzifələri isə xüsusi ali yanğın ixtisas təhsilli kadrlarla komplektləşdirilir. Bu kateqoriyadan olan əməkdaşların hazırlığı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Rusiyanın, Ukraynanın, Belarusiyanın xüsusi təhsil müəssisələrində aparılır.

- Bəzən insanlar yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsi ilə bağlı iradlar səsləndirilər. Yanğın texnikasının hadisə yerinə çatma üçün maksimum hərəkət sürəti nə qədər nəzərdə tutulur?

- Bəzən belə iradlar olur. Bunun səbəbləri də var. Yanğın texnikası yük maşını kateqoriyasına daxildir və yüksək sürətlə hərəkət edə bilməz. Respublikada onlar üçün sürət 70 km/saat-dir. Əgər avtomagistrallarda sürət həddi 70 km/saat qoyulubsa, yanğın texnikası üçün 60 km/saat maksimal sürət həddi müəyyən edilib. Paytaxtda isə günün müəyyən vaxtlarında tıxaclar əmələ gəlir. Bunların hamısı yanğınsöndürənlərin hadisə yerinə çatmalarına əngəllər yaradır. Yanğınsöndürmənin hadisə yerinə müəyyən qədər gec çatması hallarını heç də gecikmə hesab etmək düzgün deyil. Bəzən olur ki, yanğın olan zaman əraziyə gəldikdə, düzgün parklanmanın olmaması səbəbindən yanğınsöndürən avtomobil lazimi məsafəyə çata bilmir. Bütün bunlar böyük problemlər yaradır. Bu məqsədlə ötən ay FHN-nin Bakı Regional Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Departamenti, Təcili Tibbi Yardım Xidməti, Dövlət Yol Polisi və s. əlaqədar qurumlarla birlikdə tıxaclarla bağlı tədbir keçirilib. Məqsəd bu cür problemlərin həlli yollarının araşdırılması idi. Biz orada geniş məruzə ilə çıxış etdik.

- Rasim müəllim, ötən il Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən hansı işləri görülüb?

- Ötən il respublika ərazisində 11853 yanğın baş verib. Əvvəlki ilə nisbətən 1639 yanğın aşağı olub. Hadisələr zamanı 921 nəfər insan yanğın zonasından təxliyə edilib, 40 nəfər yanğından xilas edilib. Dövlət Yanğından Mühafizə Xidməti yanğınlarla bərabər respublika ərazisində digər fövqəladə hadisələrin qarşısını alınmasında iştirak edir. 2010-cu ildə respublika ərazisində su basma hadisələri olub. Orada bizim əməkdaşlarımız xilasetmə işləri və digər tapşırıqları yerinə yetiriblər. Ötən ildə baş vermiş yanğınlar zamanı Xidmətin bölmələri tərəfindən respublika ərazisində 2391 obyekt yanğından mühafizə olunub ki, bu da 2015-ci illə müqayisədə 342 obyekt çox olub. Statistik təhlilə əsasən 2016-cı ildə hər gün orta hesabla 32 yanğın hadisəsinə çıxış qeydə alınıb.

- Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğınsöndürmə ilə bağlı maarifləndirmə tədbirləri aparılırmı?

- Bəli, maarifləndirmə tədbirləri aparılır. Bu tək bizim Xidmətimizin vəzifəsi deyil, bütün Kütləvi İnformasiya Vasitələri tərəfindən də maarifləndirmə işlərinin aparması çox vacib məsələdir. Çox hallarda vətəndaşlar təhlükəsizlik məsələlərinə diqqətsizliklə yanaşırlar. Dar yollarda, keçidlərdə maşınlarını park edirlər. Yanğının baş verəcəyi anı heç kim proqnoz verə bilməz. Bu gün vətəndaşlar bilməlidir ki, hadisə yerinə yanğın avtomobilləri gedirsə, onun maneəsiz hərəkəti üçün şərait yaradılmalıdır. İstərdik ki, KİV-lər də yanğından mühafizə problemləri, söndürülməsi, təhlükəsizlik normalarına riayətedilməsi üzrə məlumatlar versin. Hər il Xidmət tərəfindən respublikanın bütün bölgələrini əhatə edən tədbirlər planı təsdiq edilib tabeli qurumlara göndərilir. Həmin plana uyğun olaraq yerlərdə tabeli qurumlarımızın təşkilatçılığı ilə yerli ictimaiyət nümayəndələri, icra, bələdiyyə orqanları işçiləri, məktəblilər cəlb edilməklə geniş nəzəri-praktiki tədbirlər təşkil edilir, əhaliyə yanğınlar və yanğından mühafizə barədə məlumatlar verilir.

- Paytaxt ərazisində çoxmərtəbəli binalar da az deyil. Bu binaların yanğınsöndürmə texnikası varmı? Yanğın söndürülən zaman hansı problemlərlə qarşılaşırsız?

- Bakı şəhərində yüksək mərtəbəli binlar gündən-günə çoxalır. 40 mərtəbəli ofis binaları da var. Bu gün həmin 40 mərtəbəli binaları söndürmək üçün texnikamız yoxdur. Amma belə bir qayda var ki, çoxmərtəbəli binalar layihələndirilən zaman binanın yanğın zamanı söndürülməsi üçün müvafiq avtomatlaşdırılmış sistemlər nəzərdə tutulur. Həmin binlarda yanğın baş verərsə, quraşdırılmış avadanlıq vasitəsi ilə binada yanğın söndürülməlidir. Bu gün respublikada 5, 9, 12 mərtəbəli binların söndürülməsi üçün 30, 42, 54, 68 və 104 metrəlik hündürlüyə qalxan yanğın texnikamız mövcuddur. Burada söhbət gedə bilər ki, 104 metrəlik hündürlüyə qalxan yanğın texnikasını həmin hündürmərtəbəli binanın yanında quraşdırmamız nə qədər mümkündür? Ola bilsin ki, elə bir hal ola bilər ki, onu orda tətbiq etmək imkanımız olmasın. O texnikanı ərazidə quraşdırmaq üçün müəyyən sahə lazımdır. Eyni zamanda tıxaclar, parklanma, binalara yanalma imkanları nəzərə alınmalıdır. Külək saniyədə 10 metrdən yüksək olanda texnikanın qaldırılmasına icazə yoxdur. Məlumdur ki, Bakıda ilin çox hissəsi hava küləkli olur. Sürəti saniyədə 30- 40 m-dən yüksək külək olur. Bu zaman texnikanın qaldırılması ümumiyyətlə qadağan olunub. Düzdür, Xidmətimiz bunun öhdəsindən gəlir. Ancaq bunlar böyük risk hesabına olur.

- Bəs respublika ərazisində yanğınsöndürələnin işini nə çətinləşdirir?

- Respublika ərazisində yanğın söndürmənin çətinləşdirən amillər mövcuddur. Burada relyef məsəli əsas olur. Kənd rayonlarının hamısında yollar tam təmirli deyil. Bunun üçün dağlıq yerlərdə, əsasən qış aylarında yanğın yerlərinə çatmaq problemləri bu gün mövcuddur. Rayon mərkəzlərində elə bir problem yoxdur. 10 il ərzində Bakıda 18-ə yaxın Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tikilib. Rayonlarda da bu proqram həyata keçrilir. Yanğın hissələrinin çıxış radiusunun azalması istiqamətində tədbirlər görülür. Əvvəl kənd rayonlarında bir yanğına 40 dəqiqəyə çatırdıqsa, artıq 20 dəqiqəyə hadisə yerinə çatırıq. Bu gün respublika üzrə yanğın yerinə yanğınsöndürmə texnikasının yürüş etmək üçün orta vaxt 10 dəqiqə, yanğınların söndürülməsi üzrə orta vaxt 35 dəqiqə təşkil edir. Bu göstəricilər yüksək nəticə kimi qiymətləndirilir. Prespektivdə respublikanın bölgələrində yeni yanğın bölmələri yarandıqca bu göstəricilər daha da yüksək olacaq.

- Tikinti normalarının pozulması yanğınların baş verməsinə səbəb ola bilərmi?

- Əlbəttə, ola bilər. Əgər bina tikilən zaman yanğın təhlükəsizliyi qaydalarına və normalarına riayət olunmayıbsa, həmin ərazidə yanğının baş verməsi və ziyan daha çox olur. Binaların düzgün üzlənməməsi, konstruktiv elementlərin düzgün seçilməməsi və yerləşdirilməməsi, elektrik təhcizatının düzgün qurulmaması və s. kimi hallar ciddi fəsadlara səbəb olur. Bilirsiz ki, 2015-ci ildə normaya zidd olan bir material ilə üzlənən bina yandı. Yanğın baş verən anda qısa zamanda yanğın bütün binanı əhatə etdi. İndi belə binaların üzlükləri demək olar ki, hamısı sökülüb və istifadəsinə icazə verilmir.

- Ən çox hansı rayonlarda yanğın hadisəsi baş verir?

- Ən çox yanğınlar Bakı şəhərində baş verir. Rayonlar da isə müxtəlifdir. Cəlilabad, Xaşmaz, Masallı, Sabirabad, Şəmkir, Bərdə, Ağcabədi, Şirvanda yanğınlar çox qeydə alınıb. Keçən il ən çox yanğın Cəlilabadda olub, 437 yanğın faktı qeydə alınıb, amma bütün yanğınların 30-40 faizi Bakıda baş verir.

- Yalnış yanğın çağırışlar olurmu? Bütün çağrışlara gedilirmi?

- Çox olur. Gün ərzində 900-ə yaxın zənglər gəlir ki, onların 25 faizi yanğınlarla bağlıdır, 10-15 faizi yanlış olur. Olur ki, kimsə zarafat üçün çağırış edir. Bunlar istisna olmaqla bütün çağırışlara gedilir. Qayda belədir ki, çağırış gəldisə, qüvvələrimiz ünvana gedirlər. Həmin yerdə əmin olandan sonra ki çağırış yanlışdır, geri qayıdırlar.

- Xarici ölkələrdə qadın yanğınsöndürənlər var. Maraqlıdır ki, niyə Azərbaycanda qadın yanğınsöndürənlər yoxdu?

- Yanğından Mühafizə Xidmətində birbaşa yanğınsöndürmə əməliyyatlarında iştirak edən qadın əməkdaşlarımız yoxdur. Qadınlar Xidmətin köməkçi sahələrində, dispetçer xidməti, maliyyə, kadr, kargüzarlıq, hüquq və s. sahələrdə çalışırlar. Hesab edirəm ki, yanğını söndürmək qadınların işi deyil. Çünki yanğını söndürmək böyük fiziki qüvvə tələb edir. Yanğın yerində insan həyatına təhlükəli amillər, istilik, tüstü, partlayış və s. insan orqanizminə çox mənfi təsir edir. Bütün bu kimi hallar qadınların bu sahədə çalışması üçün məqsədə uyğun deyil. Respublikada kifayət qədər sağlam, vətənpərvər gənc var ki yanğınsöndürmədə çalışmaq istəyir.

- 10 il ərzində nə qədər vaxtı bitmiş texnika dəyişdirilib?

- 10-11 il ərzində respublikada demək olar ki, 50 %-dən yuxarı Yanğından Mühafizə texnikası müasirləşdirilib. Hamısı Avropa istehsalı olan texnikadır. Alınmış texnikalar Almaniyada, Fransada istehsal olunub. "Man" "İveko" firmalarının texnikalarıdır. Bu texnikalar müxtəlif təyinatlıdır. Respublikanın ərazisində demək olar ki, bu gün istismara yararsız, müddəti bitmiş texnika yoxdur. 2005-ci ildə texnikamızın 60-70 faizinin istismar vaxtı bitmişdi. Köhnə Sovet dövründən qalmış texnikalar idi ki, onlar 10 il ərzində dəyişdirilib. Bu proses ildən-ilə davam etdirilir. Artıq 10 il bundan qabaq alınmış texnika hansı ki, istismar müddəti bitmək üzrədir, onların da dəyişdirilməsi həyata keçirilir. Onun üçün də biz ildə praqnozlar veririk və həmin texnikaları yeniləyirik. Maddi təminat baxımından hələ problemimiz yoxdur. Şəxsi heyyətin döyüş avadanlığı, döyüş paltarı, od söndürücü maddələr, fərdi mühafizə vasitələri avropa standartlarına uyğundur və hamısı 100 faiz təmin olunub. 11 il ərzində respublikada 72 ədəd yeni Yanğından Mühafizə deposu tikilib, 5 yanğın deposu isə yenidən bərpa olunub. Tək-tək rayonlarımız var ki, yanğın depolarının yenidən tikilməsinə ehtiyac var,onlarda tikiləcəkdir. 72 yanğın deposunun qısa müddətdə tikilməsi az bir iş deyil. Bunlar böyük maliyə həcimli işlərdir.

- Yanğıların baş verməsində əsas faktor nədir?

- Yanğın hər hansı bir hüquqi, fiziki şəxsin, vətəndaşın yanğın təhlükəsizliyinə əməl etməmisi səbəbindən yaranır. Elektrik naqillərindən düzgün istifadə etməməsi, vaxtında dəyişdirilməməsi, qazlara nəzarətin lazimi səviyyədə təmin edilməməsi, qazın çəkilişi zamanı buraxılan səhvlər üzündən, uşaqların nəzarətsiz qoyulması, evlərin inşası zamanı yanar maddələrdən istifadə edilməsi ilə və s. səbəbindən baş verir. Hər kəs bilməlidir ki, yanğına səbəb insanlar özləridir. Əgər diqqətli olsalar, nəzarət olsa, belə hadisələr az olar. Hər dəfə görürük ki, uşağı nəzarətsiz qoyub çıxıb gedib, qazı açıq qoyub və yaxud qeyri-standart qaz cihazından istifadə edilir. Ona görə də insanlar arasında maarifləndirmə işləri getməlidir. İlk növbədə də öz təhlükəsizliklərinə fikir verməlidirlər. Avropada insanlar bir binaya girən kimi baxırlar görək burda yanğından qorunmaq üçün, xəbərdar etmək üçün bir sistem var ya yoxdur. Çünki o öz təhlükəsizliyin fikirləşir. Hər bir ofisdə, evdə qazanalizatorlar olmalıdır ki, orda qazın səviyyəsini, sızmasını müəyyən etsin. Biz bunları etmirik. Ona görədə baş verənlər insanların əməllərinin nəticələridir.

İlhamə ƏBÜLFƏT

FOTO: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər