28 Aprel 2017 14:45
3 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmid Herisçi müsahibəsində deyir: "Məhəmməd Əmin öz dövrünün siyasətçisi deyildi, xəyalpərəst idi".

Azərbaycan Cümhuriyyətinin işğal edildiyi 28 aprel günündə Həmid bəyin müsahibəsində dediyi bir çox fikirləri məhv etmək mümkündür.

Amma nəzərə alanda ki, Həmid bəy faktları deyil, Sovet dövründə yazılmış romanları qaynaq göstərir, o zaman sırf yuxarıdakı fikrinə münasibət bildirək.

Rəsulzadə necə xəyalpərəst idi ki, Sovet hökuməti 1937-ci ilə qədər mətbuatda tam 17 il onun əleyhinə mübarizə apardı, 71 il ərzində adının çəkilməsini yasaqladı, oğlunu öldürdü, ailəsini sürgün etdi.

Rəsulzadə necə xəyalpərəst idi ki, 1955-ci ilə, yəni ölümünə qədər DTK onunla bağlı Almaniyadan, Türkiyədən kəşfiyyat materialları topladı.

Məsələn, Azərbaycan SSR Dövlət Təhlükəsizlik naziri S.F.Yemelyanovun 1951-ci ilin mayın 7-də ”SSRİ-yə qarşı müsavatçıların və digər milli ünsürlərin düşmənçilik və casusluq fəaliyyəti haqqında” hazırladığı arayışda yazılır: “Amerikalıların və ingilislərin tapşırığı ilə yeni antisovet təşkilatları yaradılıb: Ankarada “Azərbaycanın Hüquqlarını Müdafiə Cəmiyyəti”, İstanbulda “Qarşılıqlı Dostluq Köməyi Cəmiyyəti”, Tehranda, Təbrizdə və İranın digər şəhərlərində - “Azad Azərbaycan”. Bu təşkilatlara Sovet İttifaqının ana düşmənləri, xarici kəşfiyyat agentləri – Məmməd Əmin Rəsulzadə, Mehdiyev Yaqub, Rəfibəyov qardaşları və digərləri rəhbərlik edərək SSRİ-yə qarşı casusluq – dağıdıcılıq işi, eləcə də respublikada bizə düşmən qüvvələri fəallaşdırmaq xəttini götürmüşlər”.

Yəni, 1951-ci ildə, II Dünya müharibəsindən qalib çıxmış bir imperiyanın DTK-sı Rəsulzadəni Sovet İttifaqının ana düşməni adlandırır, Həmid Herisçi isə sadəcə bir xəyalpərəst. Üstəlik bu faktlar hansısa romanda deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivindədir.

Rəsulzadənin Cümhuriyyətdən öncəki və sonrakı fəaliyyətlərini bir kənara qoyub sırf 1918-1920-ci illərdə gördüyü işlərə baxaq:

1. Həmin "xəyalpərəst"in rəhbəri olduğu Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin İstiqlal bəyannaməsini elan edir.

2. Həmin "xəyalpərəst"in rəhbəri olduğu heyət 1918-ci ilin 4 iyununda Osmanlı dövləti ilə ilk dostluq müqaviləsini imzalayır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Necə ki, həmin ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını işğaldan azad edir.

3. Həmid Herisçinin bilməsi mümkün deyil, çünki o, Rəsulzadənin İstanbuldan Azərbaycan hökumətinə göndərdiyi məktublarla, raportlarla tanış deyil. Həmin raportda "xəyalpərəst" yazır ki, "Bakı işğaldan azad edilməsə, xudahafiz, Azərbaycan". Yəni, praqmatik Rəsulzadə başa düşürdü ki, Bakı olmasa, Azərbaycan adlı dövlətin yaşaması mümkünsüzdür.

4. "Xəyalpərəst" Rəsulzadə 1918-ci ilin avqustunda İran Konsulluğuna Azərbaycanın müstəqilliyi haqqında bəyannamə göndərir, İranın bütün etirazlarına baxmayaraq, mətbuat vasitəsilə ölkənin adının niyə Azərbaycan adlanmasını əsaslandırır.

5. 1918-ci ilin 19 noyabrında "xəyalpərəst"in rəhbərliyi ilə Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edir.

6. 1918-ci ilin 7 dekabrında Parlamentdə ilk çıxışı bir "xəyalpərəst"ə verirlər. O da məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz!” fikrini burada səsləndirir, 71 il sonra da onun sözləri həqiqət olur.

7. 1919-cu il 14 aprelində "xəyalpərəst" Azərbaycan Parlamentinin 29-cu iclasında çıxış edir, ermənilərin iddialarını rədd edir, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir.

8. 1919-cu il 15 noyabrında "xəyalpərəst"in təşəbbüsü və Parlamentdə bir neçə dəfə çıxışındakı tələbi əsasında Bakı Dövlət Universiteti təsis edilir və o, burada tarix-filologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuyur.

Həmin xəyalpərəst mühacirətdə ikən azərbaycanlıların təşkilatlanmasına səbəb olur, "Yeni Qafqaziyyə", "Odlu Yurd", "Azəri-Türk", "Qurtuluş", "Azərbaycan" kimi dərgilər, "İstiqlal", "Bildiriş" kimi qəzetlər çap edir. II Dünya savaşında əsir düşən azərbaycanlıları ölümdən xilas edir, öldüyü günə qədər mətbuat vasitəsilə SSRİ əleyhinə mübarizə aparır.

Bütün bunlara görədir ki, Sovet hökuməti 1951-ci ildə belə onu İttifaqın "ana düşməni" adlandırır.

Əgər Həmid bəy xəyalpərəstin kim olduğunu bilmək istəyirsə, elə Leninə yazdığı məktubda da aldadıldığını etiraf edən, xidmət etdiyi bolşeviklər tərəfindən ilk fürsətdəcə öldürülən Nərimanovun özü idi.

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər