Teleqraf.com xəbər verir ki, Nəbi Səmədov Şəki rayonu üzrə icra şöbəsinin böyük icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Zülfüqar Mehdiyevə xidməti vəzifələrini yerinə yetirdiyinə görə zor tətbiq edib.
Məlum olub ki, Nəbi Səmədovun atası Səməd Səmədov onun həyat yoldaşı Aynur Səmədovanın evdən çıxarılması barədə iddia qaldırıb. Səməd Səmədovun iddiasına Şəki rayon Məhkəməsində baxılıb.
İddia ərizəsi əsasında müəyyən edilib ki, Şəki rayonunun Baş Göynük kəndində yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsi tərəfindən verilmiş 9 aprel 2016-cı il tarixli RX seriyalı 0833959 nömrəli çıxarış Səməd Səmədova məxsusdur.
Məhkəmə onun xüsusi mülkiyyətindəki fərdi yaşayış evindən Aynur Səmədovanın çıxarılması barədə qərar qəbul edib.
7 iyun 2016-cı il tarixli qətnamə üzrə qeyd edilən məhkəmənin eyni tarixli icra vərəqəsi icra olunması üçün Şəki rayonu üzrə icra şöbəsinə göndərilib. Şöbənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Zülfüqar Mehdiyevin iştirakı ilə həmin ilin avqustun 23-də, saat 15:00-dan 20:00-dək olan müddət ərzində həmin ünvanda icrası həyata keçirilib.
Bu zaman Aynur Səmədova həmin evi könüllü olaraq tərk etmək istəməyib. Ədliyyə qulluqçusu Aynur Səmədovanın məcburi qaydada evdən çıxarılmasını həyata keçirib.
Bunu görən Nəbi Səmədov icra prosesinə mane olmaq qərarına gəlib. O, Zülfüqar Mehdiyevə zor tətbiq edib, onu dəfələrlə itələyib, icra prosesi zamanı evdən həyətə daşınan məişət əşyalarını tutub, həmçinin evin həyətinə yığılmış məişət əşyalarını yenidən evə daşımağa cəhd göstərib.
Bununla kifayətlənməyən Nəbi Səmədov etdiyi fəal müqavimətin nəticəsiz qaldığını görüb və Aynur Səmədovaya məxsus əşyalar maşına yığılaraq evin həyətindən çıxarıldıqdan sonra Zülfüqar Mehdiyevə yaxınlaşıb. O, qəflətən ədliyyə qulluqçusunun poqonunu cırıb.
Nəbi Səmədov Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işinə Şəki rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Nəbi Səmədovun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs edilib. Onun cəzasının əvvəli 2017-ci ilin fevralın 8-dən hesablanıb.
Məhkəmənin hökmündən narazı qalan Nəbi Səmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rafail Əliyevin sdərlik etdiyi kollegiyada araşdırılıb.
Qərara görə, Nəbi Səmədovun şikayəti qismən təmin edilib və Şəki rayon Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Nəbi Səmədovun cəzasını 3 aya endirib.
Hacı Zeynalov