4 İyul 2017 21:37
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Siviaggia.it” səyahət portalında “Bu il Azərbaycana səyahət etmək üçün 10 səbəb” adlı məqalə dərc olunub.

Teleqraf.com-un məlumatına görə, məqalədə Azərbaycanın gözəllikləri ilə tanış olmaq üçün turistlərin ən çox səyahət etdikləri ecazkar məkanlar fotoreportaj şəklində təqdim olunur.

Qeyd olunur ki, Azərbaycana ən mükəmməl səyahət paytaxt Bakıdan keçir və şəhərin ecazkar yerləri ilə tanış olmaq üçün ilk olaraq onun ən qədim hissəsi olan “İçərişəhər”dən başlamaq lazımdır.

Bildirilir ki, günü-gündən inkişaf edən Bakıda qədimlik ilə müasirlik vəhdət təşkil edir. Möhtəşəm üslubda tikilmiş Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Kristal Zal və digər yeni binalar Bakının mənzərəsini tam dəyişir.

Məqalədə turistlərin ən çox səyahət etdikləri məkanlardan biri kimi UNESCO-nun Mədəni İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkı, həmçinin Abşeronda yerləşən palçıq vulkanları haqqında danışılır, bura səyahətin insana unudulmaz təəssürat bəxş etdiyi bildirilir.

Məqalədə xalqımızın qədimdən yaşayış tərzi, torpağa bağlılıq ənənələri ilə tanış olmaq üçün möhtəşəm dağlarla, keçilməz qayalıqlarla əhatələnən Quba rayonuna getmək məsləhət görülür, xüsusilə Xınalıq və Laza kəndlərinin turistlər tərəfindən bəyənildiyi qeyd olunur. Həmçinin, şimal-qərb hissəsində yerləşən Şəki və Qax rayonlarının əsrarəngiz təbiətə malik olduğu, Kiş və İlisu kəndlərinin turistlər tərəfindən ən çox sevilən ecazkar məkanlardan olduqları vurğulanır.

Bundan əlavə, İsmayıllı rayonunun Lahıc kəndi haqqında məlumat verilir, buranın gözəl təbiəti və qədimsənətkarlıq ənənələri ilə məşhur olduğu bildirilir.

Məqalədə Naxçıvan haqqında da danışılır, adının “Nuhun şəhəri” mənasını verdiyi bu qədim diyarın əfsanəyə görə Nuhun gəmisinin tapıldığı məkan olduğu bildirilir.

Müəllif yazıda Azərbaycanın qədimdən zəngin xalçaçılıq mədəniyyətinə malik olduğunu vurğulayır, ölkəmizdə hər evdə fərqli üslublarda toxunmuş xalça və xalıları görməyin mümkünlüyünü bildirir, həmçinin müxtəlif əsrlərə məxsus xalça və digər tətbiqi incəsənət əsərlərindən nümunələrin saxlanıldığı Xalça Muzeyi barədə də məlumat verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər