Öyrəşmişəm ki, hara getsəm, birinci hardan gəldiyimi və kimliyimi soruşurlar. Amma burda kimliyimlə maraqlanmadan məni “Xoş gəlmisiz. Buyurun!” deyə qarşıladılar. Anladım ki, deyəsən doğrudan da dedikləri kimi Allahın evindəyəm…
Onların sadəcə bir xahişi oldu:
“Əgər bizə hörmətsizlik edib, neqativ bir yazı yazmaq, bizi pisləmək üçün gəlmisizsə, nə özünüzü yorun, nə də bizi!” Əslində, bu xahiş məni bir az kövrəltdi. Çünki bilirəm ki, bizdə “nə yardan doyub, nə də əldən qoyanlar” çoxdur. Amma mən bura bunu müzakirə etməyə gəlməmişəm.
Burda məni qarşılayanlar dedilər ki, Beynəlxalq Krişna Şüuru Cəmiyyəti Azərbaycanda 1985-86-cı illərdən fəaliyyət göstərir. Kommunizm vaxtı, yəni SSRİ dövründə gizli, demokratik ölkələr yaranandan sonra isə qeydiyyatdan keçmiş rəsmi mərkəz kimi həmişə fəaliyyətdə olub.
Qapıdan içəri girən kimi divarlarda gördüyüm şəkillər mənə Hindistanı xatırlatsa da, məni qarşılayıb könüllü bələdçim olan Krişna Smarana Das deyir ki, şəkillər əsas deyil. Əsas olan bu elmdir. Burda verilən elm… Həyatı və özünüdərketmə haqda elm! Biz kimik? Niyə iztirab çəkirik? Həyatda niyə istəmədiyimiz problemlərlə üzləşirik? Bu problemlər nədən yaranır? Bunları necə həll etmək olar?
Smaranadan yazıda qeyd etmək üçün vəzifəsini soruşduqda isə o, belə cavab verdi:
“Krişna ən gözəl və hər kəsi cəlb eləyən deməkdir. Smarana xatırlamaq deməkdir. Yəni Allahı xatırlayan… Das isə nökərdir. Yəni Allahın qulu”. Mənim də burdakı vəzifəm elə budur. Allahın quluyam.
Smarana Das deyir ki, əslində öyrətməyə çalışmaq istədikləri elm haqda məlumat Krişnanın onlara verdiyi “Bhaqavad Gita” adlı kitabda yazılıb. Əgər həyat kiməsə puç və mənasız görünürsə, həmin kitabı oxuyub bu fikir və duyğulardan azad ola bilər. Amma kitabı düzgün dərk etsə…
“Bu kitab vasitəsilə ilahi varlıqla harmoniyaya girmək olar. Nəticədə insan həyatda öz yerini tapa bilər və ruh yüksəkliyi əldə edər”.
Həyətdə səhnə qurulduğunu, mikrofonun səs tonunun yoxlanıldığını görüb düşündüm ki, yəqin konsert var. Krişna dedi ki, bu, bayram hazırlığıdır. Amerikadan bura ruhani ustad gəlib:
“Hər sahənin ustadı olur. Kompüter ustası, müəllimliyin, həkimliyin ustadı... Bizə də ruhu dərk etdirən ustad lazımdır. Bu ruhani ustad böyük həyat yolu keçib, güclü təcrübəsi var. Burda hər həftə mərasimlər keçirilir, xüsusi ayinlər icra olunur. Allahı dərindən zikr etmək üçün bu mərasimlər vacibdir. Əsas dualar və Allaha yalvarışdır. Allahın böyüklüyünü bildirən və bizə övliyalar tərəfindən verilən dualar... Bura gələn insan istədiyi şəkildə dua edə bilər. Bu dualar vasitəsilə biz ən yaxşı dostumuz, sirdaşımız olan Allahı duymağa başlayırıq. Əgər insanın problemi varsa, hətta xüsusi musiqi sədaları altında rəqs edib stresini ata da bilər”.
Burda həyətdəki dar daş pilləkənlərlə yuxarı qalxıb evə girmək istəyəndə döşəmənin təmiz olmasından anladım ki, ayaqqabıları çıxarmaq lazımdır.
İçəri girən kimi qonağa Allahın içkisi deyilən bir yoqurta bənzər maye təklif olunur. Krişna deyir ki, bu Allahın içkisi, onun qidasıdır:
“Biz qidanı Allaha təklif edirik. Qidanı Allah verir. Heç kim özbaşına hansısa fabrikdə, zavodda qida istehsal etmir. Ancaq yerdən çıxan məhsul emal olunur. Ona görə də biz qidanı ilk olaraq, Tanrıya təklif edirik. Allah o qidaya öz mərhəmətini qatır. Biz də o qidanı qəbul edəndə mənən təmizlənirik, ruhumuz qidalanır, inkişaf edir. Biz bununla ruhən Allaha yaxınlaşmış olur, onun mərhəmətini dadırıq.
Bunu heyvanlar edə bilməz. Çünki onların şüuru yoxdur. İnsanın şüuru olduğu üçün o öz dilinə həzz vermədən öncə o qidanı Allaha təklif edir. Allaha təklif olunmuş qida “prasadam” adlanır. “Prasadam” elə Allahın mərhəməti deməkdir. Biz o qidanı qəbul edərkən, qəlbimizdə mərhəmət artır, ruhumuz inkişaf edir.
Adi həyatda necədir? Məsələn, biz hansısa qidanı yemədən öncə evimizdə olan qonağa, yaxud yanımızda olan uşağa, əzizimizə, dostumuza təklif edirik. Bu nədir? Bu insanlar arasında məhəbbət münasibətidir. Biz də qidanı Allaha təklif edərkən, onunla məhəbbət münasibəti qururuq. Allaha yaxın oluruq”.
Krişnadan soruşdum ki, bura kimlər gəlir? Dedi ki, bura beynəlxalq mərkəzdir. Necə ki, islamın kökü Ərəbistandan gəlir, bu dinin kökü də Hindistandan gəlir. Əslində, biz bunu din də adlandırmırıq. Bu, din yox, elmdir.
Bura dünyanın hər yerindən, hər cür dinə sitayiş edən insanlar gəlir. Məsələn, bizim hazırda Amerikadan gələn bir qonağımız var. O, bura gələnlərə mühazirələr deyir, ruhi bilik verir. Çünki biz birinci növbədə başa düşməliyik ki, biz təkcə ətdən, dəridən və sümükdən ibarət bədən deyilik. Daxilimizdə bir həyat qüvvəsi var ki, ruhumuzu, canımızı yaşadır. O qüvvəni, Allahın zərrəsi olan o ruhu, əbədi varlığı axtarıb tapmaq insan həyatının məqsədidir. Bizim dünyaya gəlişimizin məqsədi yemək, içmək və nəsil artırmaq deyil. Bunu heyvanlar da bacarır.
Bura hamı gələ bilər. Çünki ruh hamıda var. Bura ilahi evdir. Əgər Allahın evinə gələnə həyat, insan, Allah haqqında elm verilmirsə, o evin başqa evlərdən fərqi də yoxdur. O yerə Allahın evi demək olar ki, orda insanlara Allah haqqında məlumat verilir.
“Bəs bura gəlmək üçün hansısa şərt və ya qanun, qadağa varmı” sualımın cavabını isə Krişna belə anlatdı:
“Bircə şərtimiz var. Şüurun olsun, dərk etməyi bacarasan. İstənilən insan, hətta heyvanlar da bura gələ bilərlər. Qapı hamının üzünə açıqdır.
Dünya əsas 5 elementdən ibarətdir. Torpaq, su, od, hava və efir. Hər yerdə bu 5 element var. Dua edəndə bizdə də bu elementlər yaranmağa başlayır. Hətta insanın, sənin, mənim daxilimdə də… Biz dua edərək, sanki Allahdan icazə alırıq ki, bu elementləri real həyatda istifadə edək”.
İçəridə xüsusi dini mahnıların sədaları altında ətrafa baxarkən, qəribə bir qoxu duydum. Krişna dedi ki, bu buxurdur - güllərdən hazırlanan və xüsusi ətri olan bir bitkidir. Ayin zamanı yandırılır və onun iyi bütün ətrafı bürüyür. Biz burda Allaha həsr etdiyimiz musiqiləri dinləyir, Allahın eşqinə rəqs edirik.
Küncdə kreslonun üstündə böyük bir portret gördüm. Sanki portretdə bir şah əyləşib və qullarının onun əmrini yerinə yetirməsini gözləyir. Özü də çox qorxulu bir şah. Sanki sözündən çıxsan, boynun gedəcək…
Amma Smarana Das rahatlıqla deyir ki, o bizim ustadımızdır:
“O, Şrila Prabhupadadır. Biz ona təzim edirik. Bu Hare Krişna Mandradır. Ruhi dünyadan, yüksək səmadan və yad planetlərdən gələn Transsendental səs vibrasiyasıdır. Bu dünyəvi səs deyil, ruhi dünyadan gələn vibrasiyadır. Bu internet əlaqə kimi bir şeydir. Bu vibrasiya vasitəsilə biz ruhi dünya ilə əlaqə yaradırıq. Biz ona görə bu Mandranı tərənnüm edirik. Bu, tanrının adlarıdır. Məsələn, Hare enerji anlamını verir”.
Smarana Dasdan soruşdum ki, kreslonun üzərinə şəkil qoyulması buddizm sitayişinə bənzəmirmi? O da deyir ki, bizi çox vaxt buddizmlə səhv salırlar. Buddizm dindir, amma biz elmlə məşğuluq:
“Bura sanki bizim ibadət evimizdir. “Naradan Pançaratrika Vikhi” adlı kitabımızda yazılanlara uyğun olaraq, sitayişimizi edirik. Bu dəmir qapıların öz açılış saatları var. Səhər, günorta, axşam. Necə ki, islamda ibadət saatı gəlir, eləcə də burda ibadət saatlarında qapılar açılır. Burda gördüyümüz xırda rəsmlər də övliyalarımız, ustadlarımızdır. Onlar olmasaydı, bu elm bizə gəlib çatmazdı. Onlar sanki dövrdən dövrə ötürücü rolunu oynayıblar”.
Krişna ilə söhbət maraqlı idi. Bu məkan, ordakı aura da çox maraqlı gəldi. Hər kəs heç olmasa ömründə bir dəfə ora ayaq basmalıdır. Burda təkcə qaşlarının ortasına xala bənzər rəng vurulmuş, ətək geyinmiş, qədim hinduları xatırladan kişilər, Hindistanın milli geyimi olan rəngbərəng sarilərə bürünmüş, ayağına, qoluna qızıl bağlar taxmış cazibədar qadınlar görməyəcəksiz. Nə də kimsə sizi zorla namaz qılmağa, daha doğrusu, ibadət etməyə məcbur edəcək. Sadəcə, Allahı və insan olmağınızı xatırlayacaqsız. Amma çox dərinə getmək də lazım deyil. Elə mənim kimi!