Teleqraf.com xəbər verir ki, hər iki hüquqşünas bir-birinə qarşı mövqelərini Feysbuk sosial şəbəkəsində ifadə edib.
Bu qədər iyrən formada olduğunu ağlıma gətirməzdim”
Aslan İsmayılov yazıb ki, Ənnağı Hacıbəylini Respublika Prokurorluğunda işlədiyi vaxtlardan tanıyır:
“Tanımağım da hər dəfə prokurorluq iclaslarında tənqidi çıxış etdikdən sonra yanıma gəlib təşəkkür etməyi ilə bağlı olub. Onun Xalq Cəbhəsi rəhbərliyi ilə yaxın olmağını da özü demişdi. Az sonra mənim təqdimatım ilə o vaxtlar münasibətim yaxın olan ədliyyə naziri İlyas İsmayılov bunu Notariat və ZAQS idarəsinin rəisi təyin etdi. Bu gün “müqəddəs ata” kimi çağırılmasını xahiş edən, bu ifadəni çox sevən Ə.Hacıbəyli o vəzifədə işlədiyi az müddətə özünə mənzil, maşın aldı və Novxanıda bağ tikdirdi. Bəli, o başqaları kimi rüşvətxor olmamışdı, ancaq heç vaxt müqəddəs də olmamışdı. Mən isə Prezident Aparatında Ədliyyə Nazirliyinin, Məhkəmə sisteminin kuratoru oldum, ancaq nə mənzil, nə bağ, nə də maşın ala bildim. Bu gün mənə əxlaq dərsi keçmək istəyən Ə.Hacıbəylinin qrant aldığı hüquqçular birliyini də özüm yaratmışam və onun ora sədr seçilməsini də təşkil etmişəm. O vaxtlar o işsiz olduğundan onu “VİZA” hüquq firmasına direktor da götürdüm. Onun o vaxtlar ictimai birliklər, qrantlar barədə anlayışı belə yox idi. Mənim heç vaxt hansısa ictimai və ya siyasi təşkilatda olmaq marağım olmayıb. Təxminən bir neçə il sonra həmin təşkilata aldığı qrantları sakit oğurlasın deyə, məndən gizlin olaraq həmin təşkilatı yenidən, artıq məni təsisçilər siyahısından çıxarmaqla qeydiyyatdan keçirmişdi. Elə İntiqamı da o vaxtlar “VİZA” hüquq firmasına gələndə tanımışam”.
Aslan İsmayılov davam edərək bildirib ki, qarşı tərəfin oğru olduğunu bir faktla açılaya bilər:
“2005-ci ildə Prezidentlə görüşdən çıxan kimi hər ikisinə görüş haqqında ətraflı danışmışam. Dediklərimi çox bəyəndiklərini bildiriblər. Sonra Prezident Administrasiyasında keçirdiyim görüşlər haqqında bunlara əlavə məlumatlar verdim, görüşlərə getməzdən öncə vəkilliklə bağlı hansı təkliflərinin olduğunu soruşdum. Mənə təkliflər verəcəklərini desələr də, göndərmədilər. Sonradan mənə bildirdilər ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik ediləcək. Mən də sevincək bu məsələni Ənnağı və İntiqama bildirdim. Az sonra bəlli oldu ki, Ənnağı və İntiqam saytlarında xəbər yayıblar ki, Hüquqşünaslar Forumunun uzun sürən mübarizəsindən sonra hakimiyyət məcbur olub vəkillik haqqında qanuna dəyişiklik edib. Bu tip oğruluqları dəfələrlə ediblər. Yenə fikir vermədim. Bir də ki, onların bu intriqabazlıqlarının bu qədər iyrənc formada olduğunu bilmirdim. Elə təxminən bu dövrlərdə, ilk günlərdən Soros Fondunun Bakı nümayəndəliyində hüquq sahəsinə qrant ayrılan şöbədə işləyən Fuad adlı bir nəfərlə rastlaşdım. Ona salam vermədiyimi görən Fuad təkidlə onu dinləməyimi və nədən narazı olduğumun səbəbini soruşdu. Bildirdim ki, birinci dəfə 1999-cu ildə vəkillikdən xaric olunduqdan sonra, hüquq firmasını qorumaq məqsədilə Soros fonduna bir neçə dəfə qrant almaq üçün lahiyə verdim, hamısını rədd elədin, az sonra isə həmin lahiyələrə ancaq fərqli ünvanlı qrant ayrıldı. Fuadın “Aslan müəllim, həmin lahiyələrin keçməsini hər dəfə Ənnağı, İntiqam əngəllədilər” cavabı məni şoka saldı. Axı bunların hər ikisini o komissiyaya mən təklif etmişdim, qrant verən böyük təşkilatlarının rəhbərliyini şəxsən tanıdığımdan hər dəfə bunlar barədə “savadlı, bacarıqlı insanlardır” demişəm. Bunların haqqımda etdikləri yaramazlıqları yazsam, inanın ki, böyük kitab alınar”.
“Bird aha ifşa olunmaq istəmirsənsə...”
Ənnağı Hacıbəyli isə öz səhifəsində bildirib ki, Aslan İsmayılov yenə dövrəyə girməyə can atır:
“Mən bu adamın iç üzünü 2014-cü ildə aşağıdakı yazı ilə açıb göstərmişdim. İndi yenidən mövzuya qayıtmağım onun bu gün yazdığı bir musahibə ilə bağlıdır. O vaxt, İntiqam Əliyev həbs ediləndən bir gün qabaq o bizim haqqımızda “navodka” verən bir status yazmışdı. İntiqam Əliyevdən türmə, məndən isə istintaq əl çəkib, ancaq Aslan İsmayılov əl çəkmir. Maliyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin ekspert rəylərinə görə rəhbərlik etdiyim təşkilatın fəaliyyətində heç bir qanun pozuntusu aşkar edilməyib. İndi Aslanın nəyə görə yenidən dövrəyə girmək istədiyini gerçəkdən anlamıram. Son statusunda məni bağışlamayacağını bəyan edir. Xəlil Rza demişkən, sənin bağışlamağın bana vızz gələr. Məsləhət görürəm ki, daha da ifşa olunmaq istəmirsənsə, get özünə başqa məşğuliyyət tap”.
Ənnağı Hacıbəyli daha sonra Aslan İsmayılov haqqında illər əvvəl yazdığı yazını paylaşıb. Həmin yazıda qeyd edilir ki, bir neçə il əvvəl Leyla Yunus, İntiqam Əliyevi və özü Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Herkel və Jivkova ilə görüşə dəvət olunub. Görüş başlananda gözlənilmədən Aslan İsmayılov otağa daxil oldu. Herkel təklif etdi ki, insan haqları, məhkəmə hakimiyyəti, qanunvericilik və məhbuslarla bağlı məsələləri müzakirə edək. Kimin birinci danışacağını müəyyən etmək üçün bir-birimizə baxanda Aslan tez-tələsik bəyan elədi ki, mən hamıdan sonra danışacam. Məsələ aydın idi.
Biz gündəlikdəki məsələlər barədə fikirlərimizi bildirdik, Aslan dərhal çıxışa başladı. Təxminən bunları dedi: “...burada deyilən bəzi fikirlərlə razıyam, amma qanunvericilik, məhkəmə, insan haqlarının durumu barədə deyilənlərin əksəriyyəti ilə mənim fikirlərim üst-üstə düşmür”. Mübahisə başlandı və əslində tədbir pozuldu.
Binadan çıxandan sonra Aslan bizimlə əslində eyni fikirdə olduğunu, lakin bəzi şeyləri şişirtdiyimizi bildirdi”.