11 Avqust 2017 11:13
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük azərbaycanlı alim Lütfi Zadə vəfat etməsə də, vəsiyyəti Azərbaycan cəmiyyətində əməlli-başlı müzakirə mövzusu oldu. Əslində bir dahi şəxsiyyətin obrazında tamam, natamam və sıfır dərəcəli azərbaycanlı necə olmalıdır kimi məsələlərin müzakirəsi daha çox diqqət çəkdi. Bir daha əmin oldum ki, hələ də əksəriyyətimizin düşüncəsi qlobal parametrlərdən çox-çox uzaqdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Lütfi Zadənin Azərbaycanda dəfn olunmaq istəyi ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Deputat müzakirələrdə bir qrup şəxsin Lütfi Zadənin Azərbaycan üçün xidmət göstərməməsi barədə fikirlərinə belə reaksiya verib: “Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn İsrail dövlətinin yaranması üçün əlini ağdan-qaraya vurmamışdı. İsrail dövləti yarananda yəhudilər ona rəsmi şəkildə müraciət etdilər ki, gəl, bu dövlətin prezidenti ol. Eynşteyn isə imtina etdi və elmi çalışmalarını davam etdirməyə üstünlük verdi.

İndi bu Lütfi Zadənin oğlu nə deyib, bir kənara qoyun, özü ən çox kiminlə ünsiyyət saxlayır, kiminlə birgə çalışmalar gerçəkləşdirir? Deyəcəksiniz ki, Azərbaycanın dəyərli alimi, professor Rafiq Əliyevlə. Demək ki, ortada Azərbaycanla bağlı nə isə varmı? Azərbaycana dərindən, dayazdan bağlı olmanın meyarları nədən ibarətdir, söyləyin, izah edin, bizlər də agah olaq.

Bu cür mənasız populizmdən bacardıqca uzaq durmaq lazımdır. Dünya şöhrətli bir futbolçu, maneken, müğənni və ya milyarder olsaydı, zərrə qədər də əhəmiyyət verməzdim. Alimdən söhbət gedir, dünya elmində inqilab etmiş alimdən”.

Fazil Mustafanın sözlərinə görə, Nobel mükafatı almış Əziz Sancar da Türkiyədə laboratoriya qurmayıb: “O da gedib ABŞ-da çalışıb bu adı aldı. Xanımı da türk deyildi, nə olsun? Doğru mühakimə olmayan cəmiyyətlərin aqibəti acınacaqlı olur.

Bu, yalnızca Lütfizadə məsələsi ilə əlaqəli deyil. Elə Qarabağla da, təhsillə də, sağlamlıqla da, elmlə də, tarixlə və gələcəklə də bağlı mühakiməmizdə özünü göstərir. Allah Lütfi Zadəyə uzun ömürlər versin ki, yarımçıq işlərini tamamlasın, bizə də doğru mühakimə qabiliyyəti versin ki, sərhədlərimizdən o tərəfdəki dünyanı doğru-dürüst oxuya bilək”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər