29 Avqust 2017 16:43
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nəsimi rayonu Yusif Səfərov və Keykab Səfərəliyeva küçələrinin birləşməsi layihəsi çərçivəsində yol tikintisi sahəsinə düşən 25 saylı beşmərtəbləli bina sökülür.

Həmin binada yaşayan Fatma Əhmədova Teleqraf.com-a açıqlamasında bildirib ki, 25 saylı binada yerləşən mənzillərə görə ödəniləcək kompensasiya məbləğinin onları qane etmir: “Bina köhnə tramvay-trolleybus idarəsinin subaylar yataqxanası olub.

Məcburi köçkünlər gələn zaman onları bura yerləşdirmək üçün binanın arasını kəsdilər. Yarı hissədə onlar, yarısında da yataqxanada əvvəldən qalanlar yaşayır. Bizim olduğumuz hissədə yaşayan 32 sakinin heç birini kompensasiya məbləği birmənalı olaraq qane etmir.

Artıq bizə binada yerləşən mənzillərə görə Azəravtoyol ASC-dən ödəniləcək məbləğ barədə bildiriş də gəlib. Kompensasiya düzgün hesablanmayıb. Eyni mənzil sahəsi olan sakinlərin birinə 20 min manat, digərinə isə 40 min manat ödənilməsi nəzərdə tutulur. Binada mənzilimizə 20-30 min manat təklif etməklə bizə çox ədalətsiz, heç bir qiymətləndirmə prinsiplərinə sığmayan bir məbləği qəbul etməyimizi istəyirlər”.

Sakin bildirib ki, onlara verilən məlumata görə, sentyabr 15-dən sonra beşmərtəbə söküləcək: “Həmin müddətə kimi binada yaşayanların tamamilə köçürüləcəyi deyilib”.

Məsələ ilə bağlı Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, deyilən ünvan ətrafında yeni yol çəkilib, yaxınlıqda abadlıq işləri aparılması çərçivəsində tədbirlər planına uyğun olaraq beşmərtəbəli binanın sökülməsi ilə bağlı qərar qəbul olunub: “Bu barədə vətəndaşlara bildirişlər göndərilib. Bakı şəhəri, Nəsimi rayonu Yusif Səfərov və Keykab Səfərəliyeva küçələrinin birləşməsi layihəsi çərçivəsində yolun tikintisi altına düşən 25 saylı beşmərtəbləli bina söküləcək. Qanunvericilikdə sakinlərin evlərinin hər kvadratmetrinə ən yüksək məbləğ - 1500 manat konpensasiya verilməsi nəzərdə tutulub”.

Qurum rəsmisi sakinlərin kompensasiyanın düzgün hesablanmamasına da münasibət bildirib:

“Ola bilməz ki, eyni kvadratmetr sahəsi olan mənzil sakininin birinə az, digərinə çox məbləğ verilsin. Çünki qanunvericilikdə hansı tələblər varsa, onlar yerinə yetirilir.

Vəsaiti Azəravtoyol ASC tərəfindən yox, müvafiq qurum tərəfindən ayrılır. Pul banka yönəldilir və notariusdan təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, vətəndaşlar məbləği əldə edirlər. Kiminsə narazılığı varsa, bu barədə məlumat verə bilər”.

Anar Nəcəfli qeyd edib ki, 25 saylı bina orda yaşayanlar köçürülmədən sökülməyəcək: “Binanın bir hissəsində məcburi köçkünlər yaşayır. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onlar müvafiq yaşayış yerləri ilə təmin olunacaq. Kompensasiya düşən sakinlər də ərazidən çıxdıqdan sonra söküntü işləri aparılacaq”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər