Rusiya hərbçiləri dünən Suriyanın şimalında Afrin və Şəhba bölgəsində post qurub. PKK terror təşkilatının Suriyadakı qolu YPG bəyan edib ki, Rusiya hərbçiləri Şəhba və Afrində təhlükəsizliyi təmin edəcək.
Teleqraf.com xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı və bölgədəki kürd internet saytları dünən rus ordusu birliklərinin YPG-nin onurğası hesab olunan Demokratik Suriya Qüvvələrinin əlində olan Şəhba bölgəsindəki Tel Rifat qəsəbəsinə çatdığını bildiriblər. Eyni zamanda bölgəyə gələn rus əsgərlərinin fotoları paylaşılıb.
Qeyd edək ki, Afrinin cənub-qərbində yerləşən Tel Rifat qəsəbəsi 2016-cı ilin fevralında Demokratik Suriya Qüvvələri tərəfindən İŞİD-in əlindən alınıb. Bu ilin iyun ayında isə bu bölgədə Azad Suriya Ordusu ilə YPG arasında qarşıdurma baş verib.
PKK-nın Suriya qolu olan YPG-nin rus əsgərlərinin bölgədə yerləşməsinə dair yaydığı şərhdə qeyd edilir ki, hərbi vəziyyəti müşahidə edəcək rus birliklərinin vəzifəsi YPG ilə birlikdə Şəhba və Afrinin təhlükəsizliyini təmin etməkdir.