15 Sentyabr 2017 10:22
11 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl sosial şəbəkə səhifələrinin birində paylaşılan uşaq arabasının (kolyaska) qiyməti inanılmaz idi. Nə az, nə çox – 5 min manat... Lap dəqiqi, 4960 manat. Düzdü, bu qiymət kiməsə normal gələ bilər. Amma bir çoxları o boyda qiymətə uşaq arabası almaz, daha doğrusu, heç ala bilməz.

Beləliklə, üz tutduq uşaq əşyaları satılan mağazalara.

İlk qapısını açdığımız məkan brend mağazalar şəbəkəsinə aiddir. Qapıdan girən kimi qiymətlərin fantastik olması diqqətimizdən yayınmadı. Görmüşük, belə brend mağazalara müştəri girəndə xoşgəldin edərlər, yaxud kömək təklifində bulanarlar. Bu mağazada isə əksinə, sərbəstlikdir, müştərilər istədiklərini götürüb kassaya yaxınlaşır, pulunu ödəyib, mağazanı tərk edirdi.

Fotoqrafımızla mən kənardan jurnalist kimi yox, müştəri cütlüyü kimi görünürdük deyə düşündüm ki, indi yaxınlaşıb, bizimlə maraqlanıb, nə istədiyimizi soruşacaqlar. Amma olmadı. Sanki demək istəyirdilər ki, alırsan al, almırsan xoş getdin.

Uzun sözün qısası, uşaq arabalaranın düzüldüyü yerə keçdik. Qiymətlərə nəzər saldıq. Qiymətlər fəqrlidir: 850, 1000, 1250, 1500 manat...

Görünüşü çox gözəl, keyfiyyəti barədə də görünüşündə müsbət təəssürat yaradan uşaq arabalarının qiymətləri 832 manatdan başlayır. Köhnə modellərin qiyməti ilə yeni modellər arasında kəskin fərq bilinirdi. Mağazada olan ən son modelin qiyməti isə 2190 manatdır.

Yay modelləri digər modellərdən ucuzdur. Məsələn, 600, 750, 800...

Daha bir mağazaya üz tutduq. Elə çıxdığımız mağazanın qarşısında, düz yolun o biri üzündə olan uşaqlar üçün daha bir market varmış. Ağla gələn ilk sual budu ki, görəsən, həmin mağazanın sahibi belə brendin qarşısında ikinci eyni cür mallar satılan mağazanı hansı ürəklə açıb. Kommersiya baxımından böyük şəbəkələr kiçik məkanları həmişə udub. Lakin həmin mağazaya girən müştərinin sayı da az deyildi.

Brend mağazada görmədiyimiz diqqəti burda gördük. Satıcı arabalarla maraqlandığımızı görüb, qiymət və modelləri haqda danışmağa başladı. Burdakı qiymətlər ilk mağazadakından fərqlənirdi. Həm çeşidlər fərqli idi, həm də qiymətlər. Satıcıya özümüzü təqdim edib, söhbətə başladıq.

Satıcı Elxan Əliyev bildirdi ki, qiymətlərin müxtəlifliyi təbii ki, məhsulun materialından asılıdır: “ Məsələn, 1500 manatlıq modelin materialı, parçası keyfiyyətlidir. Sintetik tərkibli deyil. Təkərləri “amortizatorlu”dur. Uşaq rahat içində otura, uzana bilir. Yayda içinə hava girmək üçün xüsusi yerləri var.

Ucuz məhsulların materialının tərkibində kapron var. Bir az bərk cisimə dəyəndə əzilir, sınır. Dəmirləri də möhkəm deyil. Qiymət fərqi brendin adı ilə də bağlıdır”.

Alıcılıq qabiliyyətinin necə olması barədə danışanda satıcı bildirdi ki, orta alıcı yoxdur: “ Müştəri gəlib qiymətlərə, mallara baxdıqdan sonra ya yaxşısını alır, ya da ucuzunu. Yəni ya 150-200 manat, ya da 800-1500 arası qiymətdə. Bəzi mağazalarda qiymətlər həddən artıq şişirdilib. Bəzi brend mağazalarda 3000 manat olan araba bizim mağazada 1400-1600 manata olub. Onlar brend olduqları üçün qiyməti 3 qatına qaldırırlar. Halbuki malı hamımız eyni yerdən – Pekindən vururuq. Biz özümüz gətiririk deyə, qismən ucuz gəlir. Amma iri şəbəkələr əvvəlcədən müqavilə bağlayır. Fabrik yeni məhsul istehsal edən kimi həmin şəbəkəyə göndərir”.

“Əgər məhsulların hamısı eyni yerdən, eyni fabrikdən alınırsa, niyə onların məhsullarında Çin istehsalı olduğunu sezdirən heç bir nişan, etiket yoxdur, amma burdakılarda niyə var?” sualı ortaya çıxır. Satıcı bildirir ki, həmin şəbəkə mağazalarının imkanı olduğu üçün bir az əlavə pul verib, həmin məsələləri həll edir: “Bizim mağazadan alıb Türkiyəyə uşaq arabası aparan olub. Orda bahadı deyə, 2-sini birdən alıblar. Burda 1000 manata olan araba orda 5000 türk lirəsidir (təxminən 2500 manat). Bizdə qiymətlər 300- 1000 manat arasında dəyişir. Ən bahalı modelimiz də Pekindən gəlib. Amma həmin model Avropa üçün istehsal edildiyinə görə keyfiyyəti və görünüşü digərlərindən fərqlənir. Mən müştəriyə desəm ki, Avropadan gəlib, inanacaq. Brend mağazalar da maya dəyəri bir az baha olan uşaq arabası sifariş verir, müştəri baxanda elə bilir ki, həqiqətən Avropadan gəlib”.

Biz getdiyimiz mağazalarda 5 min manatlıq uşaq arabasına rast gəlmədik, ancaq söhbətləşdiyimiz satıcılar arzulayanların elektron satış vasitəsi ilə belə mal ala biləcəklərini dedilər. Əsas odu uşaq salamat olsun...


Müəllif: Şəfiqə Nazimqızı, Elçin Murad

Oxşar xəbərlər