“Odlar Yurdu” Universiteti tərəfindən Rza Müridiyə fəxri doktor diplomu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərinə görə təqdim edilib.
Bu barədə Teleqraf.com-a “Odlar Yurdu” Universitetindən məlumat verilib.
Qeyd edək ki, sözügedən universitet avqust ayında İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edən Kanadanın Ontario əyalətinin tədqiqatlar, innovasiya və elm naziri Rza Müridini fəxri doktor diplomu ilə təltif edib. Kanadada yüksək post tutan həmyerlimizin belə bir addım atması və sonradan Azərbaycanda təltif edilməsi haqlı narazılıq doğurub.
“Odlar Yurdu” Universitetinin məlumatında isə bildirilib ki, R.Müridiyə fəxri doktoru diplomu onun sırf elm sahəsindəki xidmətlərinə görə verilib: “Fəxri doktor diplomu Rza Müridiyə apardığı tədqiqatlara, dünya elmi və mədəniyyəti qarşısında, demokratiyanın inkişafı sahəsində fəaliyyətinə, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın, birgə fəaliyyətin genişləndirilməsi, Kanada universitetləri ilə elmi tədqiqatların aparılmasının gələcəkdə mümkünlüyü ilə bağlı olan təşəbbüslərə və Kanadada Azərbaycanın milli bayramı – Respublika Gününün qeyd edilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərinə görə verilib”.