Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə Vunq Tau şəhərində 2-ci dostluq forumu keçirilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, forum Vyetnamla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Tədbirdə Vyetnam hökumətinin, prezident ofisinin, parlamentin və digər dövlət qurumlarının, PetroVyetnam, VietsovPetro, PetroLimeks kimi böyük şirkətlərin nümayəndələri, bu qurumlarda çalışan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak edib.
Tədbirə həmçinin təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, nazirliyin və qeyd olunan universitetlərin əməkdaşlarından ibarət nümayəndə heyəti qatılıb.
Vyetnam Parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin diplomatik əlaqələrdən daha öncə, hələ sovet dövründən qurulduğunu və bu gün də bu münasibətlərin uğurla davam etdirildiyini bildirib.
Nghiem Vu Khai ümumilikdə Azərbaycanın universitet, institut və texnikumlarını 4 mindən çox vyetnamlı məzunun bitirdiyini qeyd edib. O, bu məzunların Vyetnamın özəl və dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib, Vyetnam Parlamentinin sədr müavini Uong Çu Luu, Vyetnam ədliyyə naziri Le Than Long, parlamentin bir sıra deputatlarının, Müdafiə Nazirliyində, eləcə də Vyetnamın Hərbi-Dəniz Qüvvələrində çalışan vyetnamlı məzunların, Vyetnamın aparıcı neft şirkətlərinin rəhbərlərinin məhz Azərbaycan ali təhsil ocaqlarının məzunları olduqlarını diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin 11 sentyabr 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Vyetnam Prezidenti Ofisinin Beynəlxalq Əlaqələr Departmanetinin Baş Direktoru xanım Nguyen Vu Ha Lenə və Vyetnam Parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khaiyə medalı təqdim edib.
BDU-nun rektoru Abel Məhərrəmov hazırda Bakı Dövlət Univesitetininin 400-dən artıq vyetnamlı məzunu olduğunu bildirib.
Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı istər sovet dövründə, istərsə də müstəqillik illərində universitetin vyetnamlı mütəxəssislərin yetişməsində müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıb. Rektor hazırda məhz universitetin məzunlarından Nguyen Vu Truong Sonun PetroVyetnam şirkətinə və Thu Thanh Nghianın VietSovPetro şirkətinə rəhbərlik etməsinin, eləcə də digər vyetnamlı mütəxəssislərin nailiyyətlərinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Daha sonra tədbir zamanı Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Vyetnam Sosialist Respublikasının yüksək mükafatlarından olan və ölkə Prezidenti tərəfindən verilən “Dostluq” ordeni təqdim olunub.