29 Sentyabr 2017 17:27
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən sentyabrın 29-da Milli Məclisdə Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı təşkil olunan “dəyirmi masa”da çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda Cinayət Məcəlləsində daha çox sərt cəza qaydalarının tətbiqinin şahidi oluruq və cinayət törədən şəxslərə qarşı azadlıqdan məhrumetmə növü çox geniş tətbiq olunub. “Azərbaycan Prezidenti bunu qeyri-normal hesab edir. Biz dövlətimizin başçısının bu fikri ilə razıyıq. Həqiqətən cinayətkarlığa qarşı mübarizədə müxtəlif istiqamətlər ola bilər. Təbii ki, cinayətkarlığa qarşı kəskin mübarizə aparılmalıdır. Ancaq bununla belə yaranmış müəyyən şəraitdə qanunu pozmuş şəxslərə humanist münasibətlər göstərmək lazımdır. Dövlətimizin başçısının həmin Sərəncamında, eyni zamanda, penitensiar sistemin təkmilləşdirilməsinə dair təkliflər və bununla bağlı bir sıra məsələlər yer alıb. Dünyada ikinci bir ölkə yoxdur ki, dövlət başçısı cəza sistemində olan vəziyyətlə bağlı narahatlığını ifadə etsin və cəzaların humanistləşdirməsi istiqamətində konkret addım atsın. Prezident İlham Əliyev imzaladığı sənədlə cinayətin humanistləşdirilməsi istiqamətində mühüm addım atıb. Bu qanun layihəsi dövlətimizin başçısı tərəfindən parlamentə daxil olub”, - deyə Aparat rəhbəri vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev dəfələrlə əfv fərmanları verib, Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Bütün bunlar ona dəlalət edir ki, dövlətimiz bir tərəfdən qanunların ciddi icra olunmasına, digər tərəfdən isə insanlara ədalətli şəkildə tətbiq edilməsinə çalışır.

“Qanun layihəsinə təklif edilən dəyişikliklər əsasən dörd istiqamətdədir. Bu istiqamətlər cinayətin dekriminallaşması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqidir. Digər bir istiqamət yeni alternativ cəza növlərinin tapılması, mövcud alternativ cəza növlərinin geniş tətbiqi ilə bağlıdır. Eyni zamanda, vurulmuş ziyana görə cəzanın vurulan ziyanın ödəniləcəyi təqdirdə cinayət törədən şəxsin ya azad olunması, yaxud da daha yüngül cəza ilə əvəzlənməsi, həmçinin narkotik maddələrin qəbulu ilə bağlı dəyişikliklər öz əksini tapıb”, - deyə Səfa Mirzəyev diqqətə çatdırıb.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda həbs qətimkan tədbirlərinin tətbiqi bu il 30 faiz azalıb və digər imkan tədbirləri ilə əvəzlənib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamdan sonra baş verib. Prezidentin təqdimatı əsasında qanunvericiliyə ediləcək müvafiq dəyişikliklərdən sonra bu göstərici daha da aşağı düşəcək.

Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib ki, pentensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual tədbirlərin tətbiqinin genişləndirilməsi barədə Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı humanist siyasətin növbəti təzahürüdür. Bu sənəd ölkəmizdə davamlı aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsi, eyni zamanda, cinayət təqibinin və cəzaların icrası sahəsində yeni mərhələnin başlanmasının əsası kimi qiymətləndirilməlidir. Ümumilikdə cəza siyasətinin humanistləşdirilməsi sahəsində uzun müddətdən bəri, yəni 2000-ci ildən etibarən tədbirlərin görülməsinə baxmayaraq, məhkəmələr cinayət törətmiş şəxslər barəsində bir çox hallarda həbslə əlaqədar qətimkan tədbirinin seçilməsinə və azadlıqdan məhrumetmə ilə bağlı cəzanın tətbiqinə üstünlük verirdilər. Bunun obyektiv və subyektiv səbəbləri barədə danışan Şahin Yusifov qeyd edib ki, qüvvədə olan cinayət qanunvericiliyində bir sıra çatışmazlıqlar mövcud idi, müzakirəyə çıxarılmış bu qanun layihəsində bütün bunlar aradan qaldırılıb. Buna misal olaraq, demək olar ki, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Dəyişikliklərdən əvvəl, eyni zamanda, müəyyən cəzaların icrası da mümkünsüz olurdu, belə olan halda məhkəmələr əsasən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirdilər.

Bildirilib ki, qanun layihəsini hazırlayarkən ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, onun tələbləri, digər ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi, Avropa Məhkəməsinin presedent hüququ, Konvensiyasının tələbləri nəzərə alınıb.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 10-da pentensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamdakı tövsiyələrə uyğun olaraq, həbs edilən şəxslərin sayı xeyli azalıb. İctimaiyyət üçün böyük təhlükə törətməyən cinayətlərə görə lüzumsuz yerə həbs edilmənin qarşısının alınması istiqamətində tədbirlər görülməkdədir və bu tədbirlər davam etdiriləcək.

Vüsal İsayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, ümumilikdə 34 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınır. Qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Buraya humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlərə aid olmayan kateqoriyaya, dörd cinayət isə ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb. Belə əməllərin sayı 15-dir və əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllərin dekriminallaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd beş dəfə artırılıb, nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminallaşdırılıb. Həddin beş dəfə artırılması mülkiyyət əleyhinə bəzi cinayətlərə aid edilmir. Lakin həmin əməllərin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız, məsuliyyətdən kənarda qalacaq. Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Bildirilib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicə olunacaqlar. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar və bu, dövlətin öz üzərinə götürdüyü böyük bir öhdəlikdir.

Azərbaycanda azadlığı məhdudlaşdırılmış şəxslərə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacağını qeyd edən Vüsal İsayev deyib: “Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə halların sayı 60 faizə yaxın idi. Odur ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik. Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan bu cəza növü effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Belə ki, azadlığı məhdudlaşdırılmış şəxslərə nəzarət elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunmaqla həyata keçiriləcək”.

“Dəyirmi masa”da Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə komitə üzvləri, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri də münasibət bildiriblər. Çıxışlarda ictimai müzakirəyə çıxarılan qanun layihəsinin bəzi maddələri ilə bağlı fikir və təkliflər səslənib.


Müəllif: Teleqraf

Oxşar xəbərlər