İslam tarixinin uzantılı bir ayrıntısı haqqında
“İslam” sözü ərəbcədən hərfən tərcümədə “təslimolma” deməkdir. Müsəlman “muslim”- dir Oxu orijinalında, yəni “təslim olan”. Adəmdən bəri adları çəkilənlər – Nuh, İbrahim, Musa, İsa və başqaları “təslim olanlardır”, “muslim”lərdir, yəni müsəlmanlar.
“Mömin”, orijinalda “mumin” – “inanan” deməkdir.
İslamın ilk yayılış çağında yalnız ənənəvi müsəlman bildiklərimiz, yəni Məhəmməd peyğəmbər ardıcılları deyil, digər təktanrılıq dinlərinə tapınmışlar da “inanan”lar qismində olubmuşlar. Belələrinin Oxu-da hətta cənnətlə müjdələnməsi də var: “O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə – ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları” (2, 62); “Həqiqətən, o kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə, nə qorxu gözlər, nə qəm üzər onları” (5, 69). Ənənəçi müsəlman din üləması bu ayələrdə ifadə olunan o mətləbi ki, digər təktanrılıq dinində olanlar, yəni Məhəmmədin elçilik missiyasını qəbul etməyənlər də inanışları və xeyircil əməllərinə qarşılıq olaraq xoş axirət taleyi ilə müjdələnə bilərlər, heç cür qəbul etməzlər. “Dəlilləri” də budur ki, həmin ayələrin hökmü başqa ayələrlə aradan qaldırılıb. Yeri gəlmişkən qeyd edim edim, ənənəçi islam ilahiyyatçılığında ən böyük problem də budur: Oxu ayələrinin bəzisini hökm dışı buraxmaq. Vəhylər toplusunu “nasix-mənsux” ayələr (hökmü aradan qaldıran və qaldırılan ayələr) prizmasından dəyərləndirən olduqca zərərli və yanlış yanaşma!
Sitat gətirdiyim ayələr əslində Oxu mətninin universallığını ortaya qoyur. İnananlar qismində təqdim edilənlər, ayələrdən də göründüyü kimi, təkcə yəhudilər, xristianlar, sabiilərdən xeyircil əməllərdə bulunanlarla məhdudlaşmır, tarixən təktanrılıqda olmuş istənilən din ardıcıllarını da bildirir. Bu baxımdan inananlar sıyahısını qədimdəkilərə də, bu günümüzdəkilərə də aid etmək olar.
Qədimdəkilərdən söz düşmüşkən, 10-cu əsrdə Abbasi sülaləsinin xəlifəsi tərəfindən türklərin yaşadığı ərazilərdə islam missionerliyini həyata keçirmək üçün göndərilmiş ərəb səyyahı İbn Fazlanın qeydləri də maraqlıdır. Nüfuzlu bir oğuz ailəsinin qonağı olan səyyah ev sahibinə islam dininin əsas müddəalarından söz açır. Ev sahibi də oğuzların tək Tanrıya, eləcə də axirət həyatına inandıqlarını bildirir və islam missionerinin dedikləri ilə öz inancları arasında bu baxımdan elə bir fərq olmadığını qonağın nəzərinə çatdırır. İbn Fazlan təəccüb qalır. Maraqlı məqam isə ondadır ki, söhbətin getdiyi zaman evin xanımı da onların yanında imiş. İbn Fazlan açıq-saçıq geyimdə olan oğuz xanımının bir hərəkətini görüncə “əstəğfürulla” deyir. Ev sahibi bunun nə anlama gəldiyini soruşur. İbn Fazlan izah verməli olur ki, qadınların belə açıq-saçıq geyimdə olması islam şəriətinə görə yasaqdır, çünki əxlaqsızlığın yayılmasına səbəb olur. Oğuz bəyi isə cavabında deyir yəqin sizin tərəflərdə əxlaqsızlıq geniş yayılıb ki, belə qadağalara ehtiyac duyursunuz.
İbn Fazlanın bu qeydləri o baxımdan da maraqlıdır ki, təktanrılığın iman doktrinası eyni dini baxışları ortaya qoyursa belə, bu doktrinaya bağlı ayrı-ayrı xalqların mədəniyyət fərqlərini aşkarlayır. Və əslində “mömin”, yəni “iananan” kimliyini bu fərqlərin fövqündə görmək də çətin deyil.
Tarixi gerçəklik isə budur ki, “mömin” kimliyi əsrlər uzunu daraldılaraq bəlli ənənəvi çərçivəyə salınmışdır. Səbəb təkcə tarixi “islam”ı qəbul etmiş xalqlara bu mədəniyyət fərqlərinin zaman-zaman sırınması ilə bağlı deyil. Məsələnin bir maraqlı tərəfi “islam” sözünün əlahiddə bir din adı kimi tədricən təsdiqlənməsi prosesi ilə əlaqədardır.
Bu proses əməvilər xilafəti hakimiyyətinin ilk illərindən etibarən sürətlənib. O zaman ki, dörd raşidi xəlifəsindən sonra hakimiyyətlərini qanuniləşdirmək üçün “islam”ın ayrıcalıqda bir din olaraq ideoloji sistemə daxil edilməsində əməvilər həlledici rol oynayıblar. “İslam” sözünün fərqli bir din adına çevrilməsi “mömin” kimliyinə müəyyən mənada siyasi çalar da qazandırmışdır ki, buna o zamankı tarixi-siyasi gerçəkliklərin günümüzədək uzanan bəlirtilərindən biri kimi baxmaq lazım gəlir.
Harvard universitetinin professoru Ali Asani məni bir alimin tapıntısı ilə tanış etmişdi. Həmin araşdırmaçı 7-9-cu əsrdə ərəbcə yazılmış 25 000 sayda yazı başlıqlarında işlənən sözlərin monitorinqini aparıbmış. Başlıqlar göstərir ki, müsəlmanlar yalnız 9-cu əsrin ikinci yarısından etibarən öz dinləri haqqında peyğəmbər dövrü ilə müqayisədə daha çox “islam” adına ideoloji sistemə salınmış din kimi düşünməyə başlamışlar. Belə ki, zaman keçdikcə yazı başlıqlarında “islam” sözünün istifadəsi artmış, şərti olaraq ilk müsəlmanlar dediklərimizin dilində daha çox işlək olmuş “iman”, “mumin” sözləri isə kəskin şəkildə azalmışdır. Monitorinq həqiqətən ironik səslənən bir məqamı aşkarlayıb: müsəlmanlar “islam”ın ideoloji anlamda qavrayışına üstünlük verdikcə, Tanrı və iman ruhaniyyəli mətləblərə diqqəti xeyli azaltmışlar...