27 Noyabr 2017 18:12
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması ilə bağlı keçirilən reydlər davam edir. Qanunsuz ağac emalı sexlərinin sahibləri ilə bağlı araşdırma materialları ardıcıl olaraq hüquq mühafizə orqanlarına göndərilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib. O deyib ki, reyd zamanı qanunsuz meşə materialından istifadə ilə bağlı Göyçay rayonunda 10, Şəmkir rayonunda 3, Tovuz rayonunda 2 ağac emalı sexi aşkar edilib. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən “Kissan Parke LTD” ağac emalı müəssisəsində isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə olunmasının qarşısının alınması istiqamətində ETSN tərəfindən davamlı reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına, təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir: "Bu məqsədlə sözügedən və bu qisim digər sexlərdə araşdırmaların aparılması üçün qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edən ağac emalı sexlərinin fəaliyyət göstərməsi məsələsini təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymaq ədalətsizlikdir. Belə ki, həmin sexlərin sahibkarlıq subyekti kimi fəaliyyətinə icazə verən və onların hüquqlarını müdafiə edən aidiyyəti orqanlar da ciddi tədbirlər görməlidirlər. Qanunsuz ağac emal edən sexlər və onların sahiblərinin adları ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək".

R. Mirzəyev deyib ki, nazirlik heç bir parket sexinin, heç bir restoranın fəaliyyət göstərməsində qətiyyən maraqlı deyil: "Hətta açıq deyirəm, yəqin mətbuatdan da xəbər tutmuş olarsınız, nazirliyin rəhbərinin qohumunun da obyekti qanunsuz olduğuna görə söküldü. Meşəni qanunsuz zəbt etmək olmaz, bu, hamıya aiddir. Bu insan da qanunsuz meşəni zəbt edərək, müqavilə bağlamaq istəməyib, nazirin adından istifadə edib. Rəhbərlik bu məsələdən xəbər tutanda şəxsən özü tapşırdı ki, müqavilə bağlansın. Müqavilə bağlamaq istəmədi, hesab etdi ki, o, xüsusi statusa malikdir, ona görə də tapşırıq verildi. Tapşırığa əsasən, dövlətin hüquqları dərhal bərpa olundu, qanunsuzluq tam aradan qaldırıldı. Bir daha qeyd edim ki, meşəni qanunsuz zəbt etmək olmaz, bu hamıya aiddir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər