Teleqraf.com-un “Portret” layihəsində Elçin Şıxlı Azərbaycan Jurnalistlər Birliyinin keçmiş rəhbəri mərhum Hacı Hacıyev haqqında danışır.
– Elçin müəllim, Hacı Hacıyev sizin üçün kim idi?
– Köhnə kişilərdən idi...
– Yəni...
– Dürüst, dünyagörmüş, müharibə keçmiş, özünə və onu anlayanlara sadiq olan bir insan idi. Bizim “ölən dünyamızın” nümayəndəsi... Belələri artıq yox dərəcəsindədr.
– Məsələn, hələ haqqında heç nə eşitməyən, heç nə bilməyən və onu tanımayan adamlara Hacı müəllimi hansı şəkildə təqdim edərdiniz?
– Cəmiyyətin eybəcərliklərinə əlində siqaret yuxarıdan baxıb acı təbəssümdə boğulan müdrik kimi...
– Bəs cəmiyyət niyə onu tanımır?
– Bizim cəmiyyət indi kimi tanıyır ki... Bir də ki, onun kimi insanları yalnız onu başa düşənlər tanıya bilərdi. Geniş kütlənin indi tanıdıqlarının məgər hamısı buna layiqdir?
– Məzarı hardadır?
– Hacı müəllimin məzarı Şüvəlan qəbiristanlığındadır. Oradan tez-tez keçirəm və uzaqdan iki qoşa “qaya” görürəm – onun və xanımının başdaşlarıdır. Yəqin ömür-gün yoldaşının yanında uyumaq onun üçün ən önəmli şeymiş.
– İnternetdə onun haqqında məlumat çox azdır. Onu daha geniş şəkildə tanımaq üçün bir mənbə göstərə bilərsinizmi?
– “Zərdabi” mükafatı və Mətbuat Gününü ona borcluyuq. Bu haqda Ayna.az-da mən də yazmışam. Bundan başqa Jurnalistlər Birliyinin saytında (www.ajb.az) da məlumat var. Bir də onun avtobioqrafik əsəri olan “Xatirələr və ya Çəmbərəkənddən başlayan həyat” kitabından öyrənmək olar.
– Bir insan və bir xarakter kimi onu maraqlı və nümunəvi göstərən hansı cəhətləri vardı?
– Xarakteri barədə bircə ştrix deyəcəm: onun olduqca sadə və hətta “quru” kabinetinin divarlarında Qara Qarayev və Məmməd Əmin Rəsulzadənin portretlərindən başqa heç nə yoxdu.
1990-nın Yanvarından sonra Bakıda Fövqəladə vəziyyət olduğundan onun təşəbbüsü ilə bizim jurnalistlər Gəncədə fövqəladə plenum keçirib SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxmışdılar. Buna keçmiş SSRİ-də bizdən əvvəl heç kim çürət etməmişdi. Belə adam idi Hacı müəllim.
– Onun Azərbaycanda, eləcə də xarici mətbuatda siyasi məqalələri çap olunub. Bu yazıların mahiyyəti və ümumiyyətlə, onun siyasi dünyagörüşü nədən ibarət idi?
– Azərbaycanı çox sevirdi. Bu isə məncə, hər şey deməkdir, çünki öncə vətəni sevmək lazımdır. Bunu bacardınsa daha yüksək müstəvilərə də qalxa biləcəksən.
– Tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Amma nədənsə, tərcüməçi kimi də adı çəkilmir... Sizcə, o, bu sahədə bir iz qoya bilibmi?
– Tək bir “Əlvida silah” və “ Əcəl zəngi”nin tərcüməsi, məncə, kifayətdir. Böyük Heminqueyi ana dilimizdə oxuyan olubsa, Hacı müəllimin necə usta tərcüməçi olmasını anlamalıdır.
– Bəs onu Jurnalistlər Birliyinin sədri kimi fəaliyyətini necə dəyərləndirərdiniz??
– Əsl peşəkar jurnalist və sözünün ağası idi. Jurnalistlər Birliyi onun üçün doğma ev idi, amma özündə qüvvə tapıb vəzifəsindən könüllü istefa vermişdi. Belə bir addımı Azərbaycanda tək-tük kişilər atıb.
– Milli istiqlal hərəkatında Hacı müəllimin rolu nədən ibarət idi?
– O, bəlkə də barrikalarda olmamışdı, amma öz sahəsində əməli addımını atmışdı. SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxıb Azərbaycan Jurnalistlər Birliyinin müstəqilliyini elan etmiş və elə o vaxtdan da dövlət dəstəyindən məhrum olmuşdu.
– Yaxın dostları başqa kimlər idi?
– Onun dostları çox idi, amma bir-bir ad çəkə bilməyəcəm.
– Atanız İsmayıl Şıxlı ilə də dost idi?
– Hə, atamla qarşılqlı hörmətə dayanan münasibətləri vardı.
– Bəs siz özünüz - münasibətləriniz hansı səviyyədə idi? Dost? Yoxsa...
– Mən ona bir ağsaqqal kimi baxırdım, çünki aramızda xeyli yaş fərqi vardı.
– Yəqin birlikdə xarici səfərləriniz də olub...
– Hə, onunla bir neçə xarici səfərdə olmuşuq.
– Yol yoldaşı kimi necə bir insan idi?
– Gözəl yol yoldaşlığı vardı. Almaniyada olanda onunla xeyli gəzir və söhbətləşirdik. Konfrans Berlinin Qrünevald deyilən milyonçular “məhəlləsində” keçirilirdi. Ətraf gözəl və zəngin şəxsi malikanələrlə dolu idi, təmizliksə Almaniyanın özü üçün belə yüksək səviyyədə idi. Söhbət əsnasında qayıtdım ki, bəs Hacı müəllim bizim ta Nizamidən, Füzulidən, Nəsimidən və daha nə bilim kimlərdən tutmuş böyük ədəbiyyat və mədəniyyət xadimlərimiz olanda almanlarda belələri yoxdu. Bəs nə üçün onlarda olan mədəniyyət bizdə yoxdur? Cavabı çox lakonik oldu. Dedi ki, Elçin, təmizlik və qayda-qanunun olması üçün tək-tük, hətta dahi insanların olması belə kifayət etmir. Bunun üçün ümumi mədəni səviyyə yüksək olmalıdır ki, millət millət olaraq özünü tanısın və hörmət etsin.
– Elçin müəllim, bu gün cəmiyyətimizdə, ümumiyyətlə, ictimai-siyasi həyatımızda Hacı Hacıyevin yerini ən çox haralarda görürsünüz?
– Hərənin daşı öz yerində ağırdır. Hal-hazırda media cameəmizdə onun ağsaqqal sözünə ehtiyac böyükdür. Bəlkə də, indi həyasızlıq edən bir çoxları onu görüb özlərini az da olsa, yığışdırardılar.
– Sonda... Siz bir çox cəhətlərinizlə cəmiyyət üçün dəyərli, qiymətli bir insansınız. Bəs maraqlıdır, belə bir şəxsiyyət Hacı Hacıyevin hansı xüsusiyyətlərini özünüzdə görmək istərdi?
– Hərənin öz xüsusiyyəti var və kiməsə bənzəməyə çalışmaq düzgün deyil. Sadəcə, sanbal deyə bir məvhum var. Hamıya sanballı olmağı arzulayardım.