Yanvar ayından bu günə qədər 64 fakt üzrə 606154 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edilərək saxlanılıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli Qanununun 9-cu bəndinə əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib.
Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi tərəfindən pirotexniki məmulatların (partlayıcı qurğular, fişəng və sair) qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısının alınmasına nəzarət daha da gücləndirilərək həyata keçirilən hüquq-mühafizə fəaliyyətinin nəticəsində 2017-ci ilin yanvar ayından bu günə qədər 64 fakt üzrə 606154 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edilərək saxlanılıb.
Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 23 belə fakt aşkar olunub ki, onlardan 20 fakt üzrə 91471 ədəd pirotexniki məmulat Gürcüstandan ölkəyə gələn şəxslərin idarə etdiyi nəqliyyat vasitələrində aşkar edilib.
Həmçinin, qeyd etmək lazımdır ki, sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün əsasən nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilir.
Xatırladaq ki, pirotexniki məmulatların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi və ya bəyan edilməməsinə, habelə həmin məmulatların uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozmaya, habelə bu maddələrin və məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmasına görə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
İstifadə olunduğu təqdirdə insan sağlamlığı, ictimai asayiş və ətraf mühit üçün ciddi fəsadlar törədən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunmaqla partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.