"Azərbaycan dövləti mediaya xüsusi önəm verir, cəmiyyətlə dövlət arasında körpülərin yaradılmasında medianın imkanlarından istifadə edir".
Teleqraf.com xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov bildirib ki, 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də Azərbaycan jurnalistlərini yaradıcı fəaliyyət gözləyir.
Prezidentin köməkçisi vurğulayıb ki, bu il jurnalistlərin bir qismi mənzillərlə təmin olunub: "2018-ci ildə də dövlət tərəfindən kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək".
Ə.Həsənov qeyd edib: "2018-ci ildə də media ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərin problemləri, 200 ildən artıq müddətdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı Xocalı və digər soyqırımlar barədə reallıqları dünya ictimaiyyətinə çatdıracağıq".
PA rəsmisi əlavə edib ki, 2017-ci il Azərbaycan İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində çox mühüm fəaliyyət nümayiş etdirib: "Bu ilin "İslam Həmrəyliyi ili" elan olunması, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və digər tədbirləri göstərmək olar".