"Gilavar" hava və ekstrim idman klubu alpinistlər barədə məlumat yayıb.
Klubdan Teleqraf.com-a verilən məlumata görə, alpinistlərin axtarışı bu gün də davam edir:
“Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək, yanlış informasiyalar verməyə davam edirlər. Birbaşa Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xəbər portalları İP, reytinq xətrinə belə fırıldaqlara əl atmaqla hazırda gözü yaşlı qalan, yaxınlarını gözləyən nə qədər insanın hisləri ilə oynayırlar. Üstəlik Xəzər TV kimi yetəricə izləyicisi olan telekanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir. Bəli, Qəbələdə də axtarışlar aparılıb, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kim belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayın. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, insaların hislərindən öz reklamları üçün istifadə edənləri vicdanlarının öhdəsinə buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək”.
Klubdan verilən açıqlamada qeyd edilib ki, digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməmələridir:
“Bu, mümkün olan şey deyil, çünki bu ekspedisiya üçün 4 mərhələdə icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut öncədən müəyyənləşir, yalnız həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər.
Ümidimizi üzmür, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”.