9 Yanvar 2018 14:21
2 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiqi məsələsində yaranmış bəzi suallara Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynovun cavablarını təqdim edir.

– Hazırda qüvvədə olan hüquqi normalar (tələblər) hansılardır?

– İnzibati Xətalar Məcəlləsində (İXM) bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var, məsələn, hava nəqliyyatında (299-cu maddə) 100 manat və dəmiryolu nəqliyyatında (305-ci maddə) 40 manat cərimə.

İXM-nin 212.2 maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər.

– İXM-də nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqan(lar) baxmalıdır?

– “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən ŞİXM-nin 212.1 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, İXM-nin 212.2 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib.

– “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısı olmalıdır, yoxsa işarə kifayətdir?

– İXM-nin tələblərinə əsasən “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin ikisindən birinin təmin edilməsi qanunun tələbinin yerinə yetirilməsi baxımından kifayətdir. Təbii ki, qanunun tam icrası baxımından “siqaret çəkmək qadağandır” olması daha doğrudur. Ancaq, oxşar mənalı və açıq başa düşülən formada yazılmış digər xəbərdarlıq yazıları (məsələn, “siqaret çəkmək qəti qadağandır”) da İXM-nin məqsədləri baxımından qənaətbəxş hesab oluna bilər və xüsusi hüquqi əhəmiyyəti yoxdur.

– “Siqaret”, “qəlyan” və “tütün məmulatı” anlayışlarına aydınlıq gətirilməsini istərdik…

– Hüquqi norma tətbiq olunarkən anlayışların qanunda təsbit olunan açıqlamasına diqqət yetirilməlidir. Yeni qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur.

Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir.

İXM-nin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında İXM-ə dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər