Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilə bilər.
Teleqraf.com xəbər verir ki, “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunaraq, yeni - 13.3-1 bənd əlavə edilir.
Dəyişiklikdə məqsəd 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq, onlara dərman vasitələrinin buraxılmasının qadağan edilməsidir.
“Dərman vasitələri haqqında” qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.