Ermənistanda yeni tikiləcək reaktor 3+ nəsil reaktoru olacaq. Amma yeni texnologiya ilə tikilib-tikilməməsindən asılı olmayaraq, reaktorun istifadəsi ətraf mühitə, qonşu ölkələrə zərər verir.
Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov Ermənistanda tikiləcək yeni reaktorun qonşu ölkələrin, o cümlədən Azərbaycanın ətraf mühiti üçün zərərli olub-olmayacağına münasibət bildirərkən deyib.
A.Qəribovun sözlərinə görə, əslində, beynəlxalq konvensiyaya əsasən, Ermənistan bu cür işləri həyata keçirmək üçün bütün qonşu dövlətlərə bu texnologiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə hesabat təqdim etməlidir:
"Bu qiymətləndirməni Ermənistan deyil, ondan asılı olmayan və bu sahədə sertifikatı olan hər hansı şirkət, beynəlxalq qurumlar həyata keçirməlidir. Ancaq Azərbaycan Ermənistandan bu məsələ ilə bağlı heç bir sənəd almayıb".
Mütəxəssisin fikrincə, ən müasir texnologiyalarla qurulan reaktorlara malik Fransa bu sahədə tənzimlənmiş fəaliyyət istiqamətinə keçib. Fransa köhnə reaktorlarının çoxunun fəaliyyətini dayandırır və 4-cü nəsil texnologiyalar əsasında olan reaktorlar tikmək istəyir. Belə reaktorlar isə təbii uranla, yəni “Uran-238”lə işləyir:
"Indiki uran reaktorları “Uran-235”lə işləyir. Bu nöqteyi-nəzərdən güman edirəm ki, 10-15 ildən sonra yaranan reaktorların təhlükəsi daha az olacaq”.
A.Qəribov qeyd edib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) “Metsamor”un istismar müddətinin 10 illik, yəni 2016-cı ildən 2026-cı ilədək uzadılması barədə artıq qərar verib. Ermənistanın Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası (Rosatom) ilə müqaviləsinə uyğun olaraq, bu müddətədək Ermənistanda 1600 meqavatlıq yeni AES tikiləcək: “Bu reaktor 3+ nəsil reaktoru olacaq. Belə reaktorlar hazırda Ermənistanda fəaliyyət göstərən reaktordan daha çox təhlükəsizlik parametrlərinə malikdir. Amma yeni yikiləcək reaktorun statusu ilə bağlı çox suallar aydınlaşmayıb. Çünki Rusiyanın, yəni “Rosatom”un şərtinə əsasən tikdikləri reaktordan alınan enerjini özləri satacaqlar. Əksər ölkələr buna razı olmurlar. Məsələn, Belarus bu şərtlə razılaşmadı”.
Mərkəzin sədri bildirib ki, yeni reaktorun tikintisinə 2016-cı ildən başlamaq nəzərdə tutulsa da, bu işə hələ başlanılmayıb: “Yəqin ki, reaktorun tikintisinə 2019-cu ildə başlanılar və 8-10 il müddətinə tikinti başa çatar”.
Xatırladaq ki, Ermənistanda hazırda fəaliyyət göstərən "Metsamor" AES 1970-ci illərdə tikilib. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş güclü zəlzələdən sonra stansiya fəaliyyətini dayandırsa da, 1995-ci ildə beynəlxalq səviyyədə etirazlara baxmayaraq, yenidən açılıb.