8 Fevral 2018 08:46
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Konstitusiyasının və Təhsil Haqqında qanunun müvafiq maddələrinə əsasən, təhsil alma ilə bağlı xüsusi təyinatlı və bəzi qabiliyyət tələb edən təhsil müəssisələri istisna olmaqla məhdudiyyət nəzərdə tutulmur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hətta 2017-ci ilin qəbul imtahanlarında ən yaşlı abituriyent - 1961-ci il təvəllüdlü şəxs iştirak edib:

“Düzdür, dövlət orqanlarında çalışan, amma müvafiq ixtisasa sahib olmayan şəxslər var ki, onlar bu və ya digər universitetlərdə lazimi ixtisas üzrə ikinci ali təhsil alırlar, amma mərkəzləşdirilmiş qaydada həyata keçirilən qəbul imtahanlarında iştirak etməklə yox, universitetlərin daxili imtahanı ilə tələbə adını qazanırlar”.

Ekspert bildirib ki, sovetlər dönəmində yaşlıların təhsil alması üçün böyük proqramlar həyata keçirilirdi:

“Bu, ondan irəli gəlirdi ki, həmin dövrdə təhsilli kadrlara ciddi ehtiyac var idi. Bundan başqa, insanlar arasında oxuma, yazma bacarıqları aşağı səviyyədə idi. Lakin indi 54 ali təhsil müəssisələrində 160 min tələbə, 4500 orta ümumtəhsil məktəblərində 1.6 milyon şagird təhsil alır. Ölkədə oxuma, yazma bacarığı 100 faiz həcmindədir. Yaşlı nəslin nümayəndələri arasında ali təhsil almağa maraq daha çox onların aşağı pillələrdə təhsil alması, sonda ali təhsil almağa maraqlarından irəli gəlir”.

Kamran Əsədov qeyd edib ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən 65 yaşdan sonra çalışmaq çətindir:

“Ona görə də, yuxarı yaş həddində olan şəxslərin ali təhsil alması o qədər də onlar üçün faydalı olmaz. Bu daha çox müvafiq icra hakimiyyəti orqanlarının işçiləri üçün lazım olur ki, yuxarıda qeyd etdiyim kimi, bu zaman da onlar ikinci ali təhsil alırlar və demək olar ki, tələbə qismində olmurlar. Hazırda Azərbaycanın ən yaşlı tələbəsi Bəhram Şamilov Azərbaycan Dillər Universitetində təhsil alır və müəllim olmaq istəyir”.

Qeyd edək ki, Çində 81 yaşlı qadın ali təhsil haqqında diplom alaraq, elektron ticarət sahəsi üzrə mütəxəssisə çevrilib. Tyanzsin Universitetinin məzunu Syue Minsyu adıçəkilən təhsil ocağına 77 yaşında qəbul olunub. Onun distant təhsil aldığı bildirilir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər