Bu ilki hava şəraitinin kənd təsərrüfatında məhsuldarlığa mənfi təsiri barədə indidən nəsə demək mümkün deyil.
Bu sözləri Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Bununla belə, Murtuzəli Hacıyevin fikrincə, qış fəslində qarın çox yağması kənd təsərrüfatı üçün faydalıdır: “Torpaqda nəmliyin toplanması üçün qarın yağması vacibdir. Soyuq fəsildə yüksək temperatur uzun müddət davam eləsə, təbii ki, kənd təsərrüfatı zərər görəcək. İstər meyvəçilik, istər taxılçılıq olsun... Xüsusilə meyvəçilik və tərəvəzçilik üçün belə hava əlverişli deyil.
Bu halda çəyirdəkli meyvə ağacları, eləcə də tez çiçəkləyən ağacların erkən oyanması müşahidə oluna bilər. Taxılda isə boruya çıxma fazasının normadan tez baş verməsi mümkündür”.
Qeyd edək ki, son günlər havaların qış üçün xarakterik olmayan dərəcədə isti keçməsi kənd təsərrüfatı ilə məşğul olan insanlarda narahatlıq yaradıb.