12:37
Fevralın 22-dən birinci sində şagird qəbuluna start verilir.
Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.
Qeyd olunub ki, 2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-də saat 10:00-dan, Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək.
Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.
Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
Ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi Feysbuk səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab veriləcək.
***
12:52
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu il elektron qaydada məktəbə qəbul ediləcək uşaqların 80 faizi məktəbəqədər hazırlıq qruplarına cəlb edilib.
Onun sözlərinə görə, 3 ildir Bakı şəhərində birinci sinfə qəbul elektron qaydada aparılır. Bu ildən isə Sumqayıt, Gəncə və Abşeronda da qəbul elektronlaşırılır:
“Ötən il 55, bu il 65 faizə yaxın uşaq məktəbəqədər hazırlıq qrupuna cəlb edilib. 2020-ci ilə qədər prosesin 90 faizə çatdıırlması gözlənilir. Bu zaman uşaqlar avtomatik olaraq məktəbə qəbul prosesində iştirak edə bilirlər.
Bu il elektron qaydada qəbul aparılan şəhərlərdə 16-17 min uşaq birinci sinfə qəbul ediləcək. Onların 80 faizdən çoxu məktəbəqədər hazırlıq qrupunda iştirak ediblər deyə, onların məktəbə qəbul prosesi daha rahat olacaq”.
***
Bakı Şəhəri Təhsil İdarəsinin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayevanın sözlərinə görə, məktəbə qəbulun elektron qaydada aparıldığı şəhərlərdə uşaqları məktəbəhazırlıq qrupunda təhsil alan valideynlərin telefonlarına SMS daxil olacaq. Həmin məlumatda onların övladlarının müəllimi və məktəblə bağlı informasiyalar yer alacaq.
Onun sözlərinə görə, uşaqları yaşadıqları ərazidən kənarda məktəbqədər hazırlıq qrupunda təhsil alanlar isə şəxsi kabinetə daxil olub, istədikləri məktəbi seçə biləcəklər.
“Məktəblərə sənəd qəbulu şənbə və bazar günləri istisna olmaqla məktəblərə təqdim edə biləcəklər”.
İlhamə Abdullayeva bildirib ki, bu il məktəblərdə sıxlığı azaltmaq üçün birinci növbədə ərazidə yaşayan uşaqlar qəbul olacaq: “Daha sonra sonra digər ərazilərdən olanlar məktəbə qəbul olacaq. Valideyn həmin məktəbdə işləyirsə, övladlarından biri həmin məktəbdə oxuyursa, onlar fevral ayının 22-dən iyun ayının 14-dək qeydiyyatda olmadıqları ərazilərdəki məktəblərdə qeydiyyatdan keçməlidirlər.
Valideynlərə müraciət edirik ki, məktəblərə qəbul prosesində tələbləri nəzərə alsınlar. Vaxtında müraciət etsinlər ki, sonrada məktəblərdə sıxlıq problemlərinə səbəb olmasın”.
Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bildirib ki, məktəbəhazırlıq qrupunda təhsil alanların qeydiyyatdan keçməsinə ehtiyac yoxdur, onlar sadəcə elektron ərizəni doldurub, sonra məktəbə təqdim etməlidirlər:
“Məktəblərə qəbul elektron qaydada aparılır və buna görə də valideynlərə xəbərdarlıq edirik ki, elektron qeydiyyatdan keçməmiş məktəblərə yaxınlaşmağa ehtiyac yoxdur. Yalnız elektron qeydiyyatdan sonra sənədlərini məktəbə təqdim edə bilərlər.
Bu il Bakı şəhərində birinci sinfə qəbul olanların sayı aratcaq. Ötən il Bakıda 50 min şagird birinci sinfə qəbul olmuşdusa, bu il 51 min şagirdin qəbulu gözlənilir”.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyaların mikroərazisində yaşayan şəxslərin övladları müsabiqəyə cəlb edilən şəxslər Bakı Şəhər Təhsil İdarəsinə müraciət edə bilərlər. Hər bir müraciət araşdırılacaq və onların müsabiqəsiz qəbulu həyata keçirilməsi təmin ediləcək.
Bakı Şəhəri Təhsil İdarəsinin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Şektor müdiri bildirib ki, yalnız digər ərazilərdə yaşayan valideynlərin uşaqları liseylərə müsabiqə yolu ilə qəbul edilə bilər.
İlhamə Abdullayeva övladları rus bölməsinə qəbul olunacaq valideynlərin məktəblərdə yer məhdudiyyəti ilə bağlı fikirlərinə də münasibət bildirib.
“Məktəblərdə rus bölmələrinin sayının az olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Bu il Bakı şəhərində bəzi məktəblərdə yeni rus bölməsi üçün siniflər açılacaq. Hətta bəzi məktəblərdə rus bölməsində siniflərin sayı Azərbaycan bölməsindən çoxdur. Rus bölməsinə də qəbulda birinci növbədə məktəbin inzibati ərazisində yaşayanlar nəzərə alınacaq. Hər bir sinifdə şagird tutumu məhdudiyyəti var.
Ona görə də, valideynlər övladlarınının istədikləri məktəbə qəbul olmasını istəyənlər qısa zamanda qeydiyyatdan keçməlidirlər”.