Astara Gömrük İdarəsinin (DGK) Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb.
DGK-dan Teleqraf.com-a verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı tibbi müayinədən keçirilmə zərurəti yarandığından vətəndaş gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstaxanasına aparılıb.
Tibbi müayinə zamanı vətəndaşın daxili orqanı – düz bağırsağından 3 ədəd bağlamada olmaqla, ümumu xalis çəkisi 173,265 qram təşkil edən narkotik vasitə heroin, xalis çəkisi 20,62 qram təşkil edən narkotik vasitə tiryək və ümumi xalis çəkisi 24,25 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.