25 Mart 2018 15:33
7 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsi bitdikdən sonra Avropada fəaliyyət göstərən Məhəmmədəmin Rəsulzadə Türkiyəyə dönməyi qərara alır.

1930-cu ildən etibarən Türkiyəyə girişi qadağan olunan Rəsulzadə yenidən bu ölkəyə dönmək üçün oradakı dostlarına məktublar göndərir. Başda yaxın dostu Həmdullah Sübhi Tanrıövər olmaqla onun Türkiyəyə qayıtması üçün Xariciyyə vəkili ilə danışıqlar aparılır. Nəhayət, Türkiyə Prezidenti İsmət İnönünün sərəncamı ilə onun bu ölkəyə qayıtmasına icazə verilir. Rəsulzadə həmin ilin sentyabrında Türkiyəyə dönür, bu ölkənin vətəndaşlığına qəbul edilir.

Türkiyəyə gəldikdən sonra Rəsulzadə Azərbaycanın istiqlal mübarizəsini Ankarada davam etdirir. 1949-cu il fevral ayının 1-də Ankarada Azərbaycan Kültür Dərnəyi yaradılır. Dərnəyin qurucuları Məhəmməd Altunbay, Həmid Ataman və Əziz Alpoud olur. İlk başqan Həmid Ataman, fəxri başqan isə Məhəmmədəmin Rəsulzadə olur.

Rəsulzadənin Ankaraya gəlməsi ilə Türkiyəyə sığınan mühacirlər arasında canlanma yaranır. İkinci Dünya Müharibəsindən sonra Almaniya, İtaliya, İsveçrə, Fransa kimi ölkələrdə yaşayan legionerlərin də 1948-ci ildə Türkiyəyə geri dönmələri nəticəsində mühacirlərin fəaliyyəti yenidən güclənməyə başlayır.

Azərbaycan Kültür Dərnəyinin qurulmasından sonra Rəsulzadə silsilə konfranslar keçirir, “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” kimi əsərlər bu şəkildə ərsəyə gəlir.

Bu dövrdə Rəsulzadə yenidən mətbuatla bağlı plan üzərində düşünür. Sonralar dərnəyin başqanı olan Feyzi Aküzüm “Rəsulzadə ilə 5 il” adlı xatirə xarakterli məqaləsində yazır: “Məhəmmədəmin bəy Azərbaycanın səsini duyuracaq, haqlı davasını dünyaya yayacaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti izah edəcək bir mətbuata ehtiyac olduğunu, çətinlik və maddi sıxıntılar içində olsa da, mütləq həyata keçirilməsi fikrini müdafiə edirdi. Bu məqsədlə Yenişəhər Sakarya küçəsindəki sadə evində dərnək üzvləri ilə birlikdə toplantı keçirdi. Bu toplantıda mən də iştirak etdim... Bir xeyli müzakirədən sonra Əmin bəyin tövsiyəsi ilə aylıq bir dərginin nəşri üzərində razılaşdıq. Növbə jurnalın adına gəldi. Təklif edilən adlar arasında “Qurtuluş”, “Odlu vətən”, “Dirilik”, “İstiqlal” kimi indi adını xatırlamadığım bir çox adlar vardı. Mən də “Madam ki, dərnəyimiz Azərbaycan Kültür Dərnəyi adlanır, o halda dərnəyin adını daşıması baxımından jurnalın adının “Azərbaycan” olması lazımdır, bu ad dərnəyin qayəsi, çalışmaları, hər kəs tərəfindən mənimsənilməsi üçün daha rahat olar” dedim. Məhəmmədəmin bəy diqqətlə məni süzdü və “mən də Feyzinin fikrinə qatılıram, dərginin adı “Azərbaycan” olsun” dedi və dərginin bütün yükü mənə verildi. Dr. Əhməd Yaşat məsul müdir oldu. Ertəsi gün Əhməd Yaşat, Ənvər Roman, Qurban Biter və mən fəaliyyətə keçərək Əmin bəylə birlikdə dərginin ilk sayının hazırlığına başladıq. 1952-ci ilin aprelində birinci sayı nəşr etdik. Dərginin 12 sayını Əmin bəylə birlikdə yayınladıq. Baş məqalələri zamana görə Əmin bəylə Vahab bəy və digər yazıları Əmin bəy hazırlayardı”.

Beləliklə, 1952-ci il aprel ayının 1-də “Azərbaycan” jurnalının ilk sayı nəşr olunur. Jurnal “Birlik dirilikdir” şüarı ilə yayımlanır. İlk sayın üzərində Azərbaycan Cümhuriyyətinin xəritəsi çap olunur. Xəritənin üstündə isə məşhur türkləşmək, müasirləşmək, islamlaşmaq formulu yazılır. Jurnalın ilk yazısı Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti haqqında ümumi məlumat” adlı məqaləsi olur. İlk say 16 səhifə çap olunur.

***

Feyzi Aküzümün də qeyd etdiyi kimi, jurnalın məsul müdiri Dr. Əhməd Yaşat olub.

Ə.Yaşat 1917-ci ildə Şəkidə Həsən Şirinzadə və Zəhra xanımın ikinci oğlan övladı olaraq doğulub. Qardaşının adı Ənvər, bacılarının adı Zərifə və Əzizə olub. İlk və orta təhsilini Şəkidə alıb, daha sonra Bakıya gedərək tibb üzrə oxuyub.

İkinci Dünya müharibəsi dönəmində gənc həkim Əhməd Şirinzadə Finlandiya cəbhəsinə göndərilib. Bununla bağlı mühacir dostlarına bu xatirəsini danışıb:

“Gənc bir həkim ikən Fin cəbhəsinə göndərildim. Rus orduları bir-iki ay içində Finlandiyanı məğlub edəcəyini zənn edirdi. Fəqət qocaman birliklər bir ovuc Fin ordusu qarşısında bir addım da irəli gedə bilmirdi. Böyük meşələrlə örtülü olan Finlandiyada qara bürünən hər ağac bir fin əsgərinin qərargahı idi. İldırım sürətiylə gələn bir neçə fin əsgəri rus bölmələrini güllələyib gedirdi. Buna alışıq olmayan rus orduları pərişan halda idilər. Bu dəfə xizək sürən kişilərdən ibarət birliklər cəbhəyə göndərildi, onlar da mübarizə apara bilmədilər. Beləcə, kiçik Finlandiya qarşısında qocaman Sovet Rusiyası dünya qarşısında rüsvay oldu”.

Almanlar SSRİ üzərinə hücum etdikdən sonra Əhməd bəy alman cəbhəsinə göndərilib. Bu dövrlə bağlı bir xatirəsini dostlarına bölüşüb:

“Almanların hücumunu gözləyirdik. Mən bir tank tuqayında həkim idim. Hücumdan bir gün əvvəlki gecə ruslar birliklərə ziyafət verdilər. Yeyib-içdilər. Sabahın erkən saatlarında almanların hücumu başladı. Rus tankları hərəkətə keçənə qədər bir mərmi də atmayan bizim tuqay kimi digər rus birlikləri də almanlar tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. İlk əsarət həyatı belə başladı”.

Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb, Azərbaycan legionuna maddi-mənəvi dəstək olub.

Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib. Eyni zamanda Rəsulzadənin göstərişləri əsasında milli istiqlal mübarizəsinə qatılıb. Almaniyanın tərəfində vuruşan legionerlər ruslara təslim edildiyi ərəfədə Yaşat özünü xilas edə bilib, 1948-ci ildə Türkiyəyə gəlib. Burada da ixtisası üzrə çalışan Yaşat quru yolları 4-cü bölgədə ölənə qədər həkimlik fəaliyyəti ilə məşğul olub.

Ankarada Azərbaycan Kültür Dərnəyi qurulduğu zaman idarə heyətində təmsil olunub, iki dəfə sədr seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib.

68 il ömür sürən Yaşat 26 yanvar 1985-ci ildə vəfat edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər