Masazırda yaşayan vətəndaşlar tərəfindən redaksiyamıza Azərişıq ASC-nin bu əraziyə baxan əməkdaşından şikayət daxil olub.
Publika.az-a daxil olan şikayətdə bildirilir ki, Azərişıq ASC-nin Masazır qəsəbəsi üzrə nəzarətçisi Baloğlanov Ruslan Tofiq oğlu vətəndaşlara qarşı qanunlara məhəl qoymayaraq özbaşına hərəkətlər edir. Şikayətə görə, o, ya elektrik sərfiyyatı üzrə qəbzi verən zaman qeyri-qanuni olaraq işıq kabelini gizlicə kəsərək ərazidən uzaqlaşır, ya da qəbzi vermədən, insanların ödəniş etməsinə baxmayaraq qanunsuz olaraq vətəndaşları işıqsız qoyur. Vətəndaşlar hətta bu kəsintilərin xəbərdarlıq edilmədən həyata keçirildiyini deyir. Artıq bir neçə nəfər məsələ ilə bağlı “Azərişıq”ın qaynar xəttinə müraciət etdiyini də bildirir.
Cəlal Qasımov deyir ki, işdən evə gələndə evinin qaranlığa qərq olduğunu görüb:
“Mən evdə olmayanda "Azərişıq"ın əməkdaşı gəlib, sayağacı yoxlayıb və qəbzi evə təqdim edib. Daha sonra xəbərdarlıq etmədən elə həmin gün gizli şəkildə sayağacın kabelini kəlbətinlə kəsərək, aradan çıxıb. Özü də bütün bunlar heç bir bildiriş, xəbərdarlıq təqdim edilmədən həyata keçirilib. Bütün günü işıqsız qalmışıq. Nəzarətçiyə zəng etdikdə isə, sanki bir xəlifə ilə danışırmış kimi vətəndaşla davranır. Və bu qeyri-qanuni əməlini etmədiyini bildirir. Bəyəm xəbərdarlıq etmədən vətəndaşın işığını kəsməkmi olar?”.
Bir başqa şikayətçi Əliyev Canəli bildirir ki, hər ay bir qayda olaraq işıq puluna ödəniş edir: “Lakin bu yaxınlarda anidən işığımız kəsildi, əvvəlcə elə bldim ki, qəza baş verib. Sonra qonşularda elektrik enerjisi ilə bağlı problemin olmadığını gördüm. Sayğaca yaxınlaşdıqda işıq qəbzinin onun üzərində olduğunu gördüm. Çox uğraşdıqdan sonra məlum oldu ki, işıqçı kabeli kəsib və salıb sayğacın içərisinə. Özü də bunu elə bir formada edib ki, onu görmək heç də asan deyil. Üstəgəl heç bir borcum olmadan bu addım atılıb”.
Şikayətçilərdən Məmmədov Çingizin sözlərinə görə, məsələ ilə bağlı qaynar xəttə zəng edib:
“İşdən gələndə gördüm ki, işıqlar sönüb. Məndan başqa bir neçə qonşunun da işıqları kəsilib. Baxanda gördük ki, sayağacda kabel kəsilib. Masazır üzrə nəzarətçi Ruslan adlı şəxsə zəng edib soruşanda isə, məsələni öz boynundan ataraq, heç bir kəsintinin olmadığını dedi. Xahiş edirəm bu məsələni ictimailəşdirəsiniz. "Azərişıq" ASC-də bu cür şəxslərə qarşı lazımi tədbirlər görməsini xahiş edirik”.
Şikayətçilərdən bəziləri hətta işıq sərfiyyatı üçün onlara artıq pulun yazıldığını deyir.
Problemla bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Tanrıverdi Mustafayev şikayətlərlə bağlı araşdırma başladıldığını bildirib:
“Baloğlanov Ruslan adlı şəxs haqqında müəssisə daxilində araşdırma başladılıb. Öyrənməyə çalışırıq ki, borcu olmayan vətəndaşların sayağacına hansı əsasla müdaxilə edib. Ola bilər ki, vəzifəsindən azad edilmiş əməkdaş olsun və bizim adımızdan istifadə eləsin. Hər halda həmin şəxs haqqında hüquqi qaydada lazımi ölçü götürüləcək".
Hüquqşünas Zaman Səmədov isə bildirib ki, iddia olunan məsələ qanunvericiliyin şərtlərinə ziddir:
“Nazirlər Kabinetinin 2006-cı il fevral ayında təsdiq etdiyi “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən, elektrik enerjisi təchizatı müəssisəsinin əməkdaşı qanunsuz şəkildə vətəndaşın sayağacına müdaxilə edərək enerji verilişini kəsə bilməz. Borcu olan vətəndaşa qanunvericilikdə göstərilən müddətə görə xəbərdarlıq edilir. Əgər vətəndaş ona verilən müddət ərzində elektrik sərfiyyatına görə olan borcunu ödəməzsə bu zaman müəssisə əməkdaşının vətəndaşın elektrik enerjisini kəsməyə ixtiyarı var. Bundan başqa bina evləri ilə həyət evləri arasında da müəyyən fərqlər yaşanır. Belə ki, əgər həyət evində yaşayan vətəndaşın elektrik sayağacı hasardan içəridədirsə, elektrik müəssisəinin əməkdaşı müəyyən olunan düstur əsasında aylıq sərfiyyatı (3 illik sərfiyyatdan çox olmamaq şərtilə) yazıb qəbz təqdim edə bilər. Əgər sayağac çöldədirsə, müəssisə əməkdaşı hər ay sayağacın göstəricilərinə uyğun olaraq vətəndaşa aylıq elektik enerjisinə olan ödənişin əks olunduğu qəbzi təqdim etməlidir. “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən əgər abunentin sayağacında hər hansı nasazlıq varsa, müəssisə əməkdaşı vətəndaşa maksimum bir aylıq cərimə hesablaya bilər. Bu halda belə elektrik enerjisinin verilişini dayandıra bilməz. Xəbərdarlıq edilmədən vətəndaşın elektrik enerjisinin kəsilməsi vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilir. Vətəndaş məsələ ilə bağlı aidiyyəti orqanlara şikayət edə bilər. Şikayət əsasında məsələ araşdırılıb öz təsdiqini taparsa, müəssisə əməkdaşını vəzifə səlahiyyətlərindən sui-istifadə və “Elektrik enerjisindən istifadə qaydaları”da göstərilən qaydaları pozduğuna görə inzibati və cinayət məsuliyyəti gözləyir”.