Manatın ucuzlaşacağı ilə bağlı yaranan ajiotajın əsas səbəbi qonşu ölkələrdə, Rusiya və Türkiyədə milli valyutaların ABŞ dollarına nəzərən kəskin şəkildə dəyər itirməsidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, həmin ölkələrdə baş verən tendensiya o dövlətlərin apardığı siyasətlə bağlıdır: “Əslində həmin ölkələrdə dolların bahalaşması üçün ciddi iqtisadi səbəblər yoxdur. Sadəcə olaraq Yaxın Şərqdəki vəziyyət, ABŞ-la, Qərblə həmin ölkələrin münasibətləri, yürütdükləri siyasət iqtisadi titrəyişlərə gətirib çıxarıb.
O ki qaldı bu prosesin Azərbaycana təsiri məsələsinə, ölkəmizin ən sıx iqtisadi əlaqələri Rusiya və Türkiyə ilədir. Onlar həm ən çox ixrac, həm də idxal həyata keçirdiyimiz ölkələrdir. Bunun ən böyük mənfi tərəfi odur ki, o ölkələrin milli valyutalarının ucuzlaşması bizdən onlara ixracı məhdudlaşdırır. Əksinə, həmin ölkələrdən ucuz mal idxalına əlavə imkanlar yaradır. Bu isə Azərbaycanın ixracı genişləndirmək siyasəti ilə uzlaşmır. Yəni ən böyük mənfi tərəfi budur”.
Ekspert bildirib ki, manatın ucuzlaşacağı ehtimalına gəlincə, bizim milli valyutamızın arxasında xam neft satışı dayanır: “Yəni manatın dollara nəzərən kursunu dünya bazarındakı xam neftin qiyməti müəyyən edir. Həmin qiymət də uzun müddətdir stabildir. Hətta son vaxtlar artım var və qiymət 70 dolları ötüb. Dövlət büdcəsində isə neftin qiyməti 45 dollardan götürülür. Həm dövlət büdcəsinin tələbatının ödənilməsi, həm də əlavə olaraq valyuta gəlirləri əldə etmək baxımından xam neftin dünya bazar qiymətləri hazırda olduqca əlverişlidir.
Bu o deməkdir ki, manatın ABŞ dollarına nəzərən kursu üçün yaxın perspektivdə heç bir ciddi təhlükə gözlənilmir.
Düzdür, qeyd oluna bilər ki, bu ilin birinci rübündə Dövlət Neft Fondu tərəfindən keçirilən hərraclarda keçən ilki eyni dövrlə müqayisədə 65 faizdən çox xarici valyuta satılıb. Bu onunla əlaqədardır ki, ölkədə dollara tələbat ilin birinci yarısında yüksək olub. Bu, həm ölkənin iqtisadi vəziyyətinin keçən ilki kimi olmaması ilə izahlanır. Cüzi də olsa iqtisadiyyatda canlanma müşahidə olunur. Buna görə, təbii olaraq xarici valyutaya tələbat yüksəlib.
Bunun ilin ikinci rübündə də təkrarlanacağını ciddi şəkildə söyləmək mümkün deyil. Yəni bu tendensiya qalsa belə, xam neftin dünya bazar qiymətləri nöqteyi-nəzərindən manatın ABŞ dollarına nəzərən ucuzlaşması üçün əsas yoxdur”.
Qeyd edək ki, son günlər manatın ucuzlaşacağı barədə xəbərlər yayılır.