20 Aprel 2018 23:56
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda Xalq Hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən “Günaz Tv” nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai-siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və mediya mənsubları iştirak ediblər.

Tədbirdə “Əbülfəz Elçibəy-80” yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimaiTəşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədrin müavini seçilib. Bundan sonra toplantı İctimai Təşkilat Komitəsinin iclası kimi davam etdirilib. Qərara alınıb ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxılsın. Təşkilat komitəsinin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbirləri ilə bağlı təkliflər səslənib, müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilib. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün işçi qrupunu yaradıb. Qərara alınıb ki, bundan sonra yığıncaqlar əsasən işçi qrupun üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.


Müəllif: Kəmalə

Oxşar xəbərlər