1 İyun 2018 20:26
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) icraçı direktoru Natəvan Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda Amerika Ticarət Palatası və gömrük orqanları arasında açıq dialoqa əsaslanan əməkdaşlıqdan və qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Palata üzvləri arasında vaxtaşırı keçirilən görüşləri xatırladaraq, Komitənin gömrük işinin bütün sahələrində əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü islahatlardan, qeyri-neft sektorunun inkişafından və ixrac potensialının artımından bəhs edən Komitə sədri gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və bu tədbirlərin ticarət mühitinin yaxşılaşdırılmasına təsiri barədə də danışıb. Eyni zamanda, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Səfər Mehdiyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq hazırda xarici iqtisadi fəaliyyət iştirakçıları “yaşıl dəhliz” buraxılış sistemindən istifadə imkanı qazanıb. Diqqətə çatdırılıb ki, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib və Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb.

Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektlərilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri Azərbaycanda Amerika Ticarət Palatası ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. Səfər Mehdiyev onu da bildirib ki, hazırda gömrük işinin bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun aparılmasına, eləcə də gömrük xidmətinin səmərəliyinin artırılmasına səy göstərilir. DGK rəhbərliyinin gömrük işinin təşkilində tam şəffaflığın təmin edilməsində maraqlı olduğunu vurğulayan Komitə sədri, Azərbaycan gömrüyündə istər AMCHAM üzvü olan, istərsə də digər konsaltinq şirkətlərinin müvafiq monitorinq apara biləcəklərini diqqətə çatdırıb.

Bununla belə, Səfər Mehdiyev bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları arasında aparılan davamlı maarifləndirmə işinə baxmayaraq, hələ də qaçaqmalçılıq və ya qanunsuz yollarla ölkə ərazisinə mal keçirilməsinə dair çoxsaylı cəhdlər, eləcə də idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir. Komitə sədri qeyd edib ki, bu kimi halların qarşısının alınması məqsədi ilə artıq müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini deyib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. İcraçı direktor təmsil etdiyi qurumda gömrük-biznes əməkdaşlığının genişləndirilməsində Dövlət Gömrük Komitəsinin səylərinin yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.
Dövlət Gömrük Komitəsinin gömrük hüquqpozmalarına, eyni zamanda, kontrafakt və saxta malların qaçaqmalçılığına qarşı mübarizədə prinsipial mövqeyindən razılığını da ifadə edən Natəvan Məmmədova bu problemin həllində bütün aidiyyəti orqanların birgə fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanda Amerika Ticarət Palatasının bu və digər sahələrdə Dövlət Gömrük Komitəsinə dəstək verməyə hazır olduğu da diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər