14 Avqust 2014 10:29
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsuliyyətsizliyi piyada etsə də, cəzalandırılan sürücü olur

ATV telekanalında yayımlanan “Aydın səs”in aparıcısı Tunay Əliyevanın adı cinayətdə hallanır. Aparıcı təxminən bir il əvvəl idarə etdiyi avtomobillə adam vurub. Yasamal rayonunda xanım sürücünün idarə etdiyi avtomobilinin qarşısına qəfildən sərxoş kişi çıxıb. İdarəetməni itirən aparıcı piyadanı vurub, o isə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, məhkəmə teleaparıcıya 3 illik icbari həbs qərarı verib. Aparıcı cəzasını 3 il ərzində müəyyən qədər ödəniş etməklə çəkəcək.

Qeyd edək ki, nəqliyyat qəzasında sürücünün günahı oldu-olmadı, həmişə cəzalandırılır. Piyada dünyasını dəyişibsə, sürücünün bəraət almaq şansı ümumiyyətlə sıfıra düşür. Buna qarşı çıxan sürücülər isə çoxdur. Onlar hesab edir ki, yol hərəkəti qaydasını pozub dünyasını dəyişən piyadaya görə heç bir cərimə və məsuliyyət tətbiq olunmamalıdır.

“Digesta” Hüquq firmasının rəhbəri, yol hərəkəti üzrə mütəxəssis Ərşad Hüseynov hesab edir ki, ölkədə piyada məsuliyyətsizliyi onların xəsarət alması ilə yanaşı, sürücülərə da baha başa gəlir: “Yol hərəkəti haqqında” qanunun 40-cı və 54-cü maddəsində piyadaların yol hərəkətində iştirakı ilə bağlı qaydalar ətraflı şəkildə təsbit olunub. Eyni zamanda, sürücülərin də vəzifələri qeyd olunub. Təhlükəsizliyə əməl etmək üçün piyadaların iki vəzifəsi var və ona əməl etməklə həyatlarını təhlükədən qurtara bilərlər. Bunlardan biri yolun bir istiqamətindən o birinə keçmə qaydalarına düzgün əməl etmək, o birisi isə yolun kənarı ilə gedərkən düzgün istiqamət seçməkdir. Piyada yol hərəkət hissəsini ancaq piyada keçidindən istifadə etməklə keçə bilər.

Keçid yoxdursa, yol ayrıcında səki xətti boyunca, bunlar da yoxdursa, digər hallarda adi yerlərdən keçə bilər. Bu zaman piyada yol nizamlanmadığından yaxınlaşmaqda olan nəqliyyatın hərəkətini nəzərə almağa borcludur. Yəni piyada qəflətən avtomobilin qarşısına çıxmamalıdır".

Keçid xətti olmayanda isə piyada hər bir halda sürücüyə yol verməyə borcludur. Ekspert deyir ki, bu zaman qəza baş verərsə, məsuliyyət piyadada olur: “Yola çıxan istənilən kəs sürücüyə maneədir və onu görən kimi sürətini azaltmalı, lazım gəldiyində dayanmalıdır. Ekspertiza yolu ilə müəyyən etsələr ki, piyadanın görüb, amma tədbir görməyib, sürücü məsuliyyət daşıyır və günahkardır. Piyada isə hər bir halda günahkardır. Müəyyən etsələr ki, piyada o dərəcədə qəfildən çıxıb və avtomobili saxlamaq heç cür mümkün olmayıb, o zaman sürücü məsuliyyətdən azad olunur”.

Amma reallıq başqa cürdür. Ərşad Hüseynov da təsdiqləyir ki, müəyyən maraqlardan çıxış edərək çox vaxt məsuliyyət birmənalı olaraq sürücünün üzərinə qoyulur və barəsində cinayət işi açılır:

“Qanunvericiliklə götürəndə Rusiya, Fransa və Azərbaycan qanunvericiliyində bu məsələ eyni cür tənzimlənir. Amma praktikaya nəzər saldıqda başqa mənzərə görürük. Azərbaycanda rəsmi statistikaya görə, piyadaların vurulmasında 95 faiz sürücü günahkardır. Rusiyada isə bu göstərici 60 faiz təşkil edir. Almaniyada isə 30 faiz hallarda piyada günahkardır. Gördüyünüz kimi, məsələyə yanaşma anormaldır. Sürücü olsaq da, etiraf edək ki, piyada olanda məsuliyyətsizik”.

Bildirək ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 444 yol qəzası baş verib. Nəticədə 160 nəfər ölüb, 320 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər