12 İyun 2018 08:48
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişindaşımada əsas hədəf bu sektorda təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün iki istiqamətdə tədbirə ehtiyac var.

Bunu Teleqraf.com-a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, bu hədəflərdən biri sərnişinlərin etimadını qazanan etibarlı, intizamlı sürücülərin hazırlanmasıdır. İkinci hədəf isə nəqliyyat parkının özü ilə bağlıdır: “Avtobusların 50-60 faizi sıradan çıxıb. Nəqliyyat vasitələri ilə bağlı problemlər var. Onların yenilənməsi üçün sahibkarlara münbit şərait yaradılmalı, investisya tapılmalıdır. Ölkəmizdə sürücülərin bir çoxu vergidən yayınır. Bu istiqamətdə pərakəndəlik, intizamsızlıq nəzərə çarpır, eyni zamanda fərqlənmə nişanlarının verilməsində şəffaflıq tam təmin edilməlidir”.

Ərşad Hüseynov vurğulayıb ki, optimal qərar qəbul olunarsa, sərnişindaşıma sahəsində vergidən yayınma halları azalacaq: “Bu gün istənilən şəxs sərnişindaşıma və taksi fəaliyyəti ilə məğul ola bilir. Taksi xidməti göstərənlərin bəzilərinin avtomobili fəaliyyətə yararsızdır. Sürücü kimi də peşəkarlıqları aşağı səviyyədədir.

Vergi sahəsində nəzarət işə də müsbət təsir göstərə bilər. Fərqlənmə nişanının verilməsinə layiq olmayan şəxslər bu nişandan məhrum edilməlidir.

Sərnişindaşıma sahəsində yeniliklərin əsasını avtobus qəzalarının azaldılması təşkil edir. Bu baxımdan paytaxtla yanaşı digər şəhər və rayonlarda da istismar müddəti bitmiş, yararsız avtobuslar xəttə buraxılır. Onların da yenilənməsinə ehtiyac var”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov sərnişin və yük daşımalarda tətbiq edilən vergi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparıldığını deyib.

Onun sözlərinə görə, hazırda avtobusların 77 faizinin, yükdaşımaların 81 faizinin yaşı 10 ildən çoxdur. Bu baxımdan sərnişindaşıma sahəsində mövcud problemlərin aradan qaldırılması, adlçəkilən sektorda yeniliklərin tətbiqinə ehtiyac olduğu diqqətə çatdırılıb.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər