Hazırda şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur.
Bu barədə Teleqraf.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər: “Sərnişinlərin onlayn rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı - yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir.
Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb. Bu layihənin nəticəsi olaraq gələcəkdə şəhərlərarası sərnişin daşımalarında on-line dispetçer xidməti vasitəsilə hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq”.