Teleqraf.com Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovla müsahibəni təqdim edir:
- Aydın müəllim, Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı aparılan araşdırmanın nəticələrindən gözləntiləriniz nələrdir?
- Cənab prezidentin Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza və enerji təchizatında yaranan ciddi problemlərə çox operativ, həssaslıqla və diqqətlə yanaşması, komissiya yaratması və ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirməsi onu göstərir ki, ölkə başçısı həmişə vətəndaşlarla bir yerdədir, onların bütün problemlərinə qayğı ilə yanaşır. Prezident müşavirədə liftdə və metroda qalanların təlaş keçirdiyi, xəstəxanada generatorların çatışmaması kimi məqamlara toxundu, bütövlükdə bütün problemləri dilə gətirdi, müvafiq tapşırıqlarını verdi və məsələnin ciddi şəkildə araşdırılmasını tapşırdı. Bu sahədə kimin günahı varsa, kim məsuliyyətsizlik edibsə, əminəm ki, cəzasını alacaq. İqtisadiyyatımız inkişaf etdikcə, Azərbaycan vətəndaşlarının həyat səviyyəsi yüksəldikcə, enerjiyə tələbat da artır, elektrik enerjisi hər bir vətəndaşımızın həyat tərzinin bir parçasına çevrilib. Gələcəkdə belə halların baş verməməsi üçün hər bir vəzifəli şəxs məsuliyyət daşımalı və dərk etməlidir ki, onların məsuliyyətsizliyi haraya gətirib çıxarır. Cənab prezidentimiz enerji sektoruna böyük diqqətlə yanaşır, xeyli miqdarda investisiya qoyulub, bu da özünü doğrultmalıdır. Bu kimi halların təkrarlanmaması üçün texniki baxımdan da məsələlər tam öz həllini tapmalıdır.
- Bu hadisə ilə əlaqədar günahı olanların cəzalanacağını dediniz. Sizcə, məsuliyyət kimin üzərinə düşür?
- Komissiya öz rəyini vermədən, araşdırma başa çatmadan konkret bir fikir söyləmək çətindir. Bununla belə hesab edirəm ki, cavabdeh qurumlar məsuliyyət daşıyır. Risklər nəzərə alınmalı, qabaqlayıcı tədbirlər görülməli idi. Səhlənkarlıq faktı da ola bilər. Komissiyanın yekun rəyi kimlərinsə cəzalandırılması ilə nəticələnəcək və bu da gələcəkdə belə halların təkrarlanmamasına gətirib çıxaracaq.
- Ziyanın miqyası barədə nə deyə bilərsiniz?
- Elektrik enerjisinin təminatı məsələsi belədir ki, tutalım, Dövlət Neft Şirkəti nefti elektrik enerjisi ilə çıxarır, iş adamı işini işıqla görür və s. Detallara varsaq əlbəttə, xeyli miqdarda vəsait edir. Bir şeyi də nəzərə almalıyıq ki, hər bir işdə müəyyən risklər var, təbii fəlakətlə üzləşmək mümkündür. Hər bir ölkə fövqəladə hadisələr nəticəsində itkilərlə qarşılaşır. Bundan heç bir ölkə sığortalanmayıb. Sadəcə olaraq belə bir hal baş verirsə, fəsadları dərhal aradan qaldırılmalıdır.
- Bu hadisə alternativ enerji mənbələrini bir daha gündəmə gətirdi...
- Azərbaycan vətəndaşlarında bu gün əminlik yaradan odur ki, cənab prezidentimiz bu işə həssas yanaşdı. Həm alternativ enerji mənbələrinin tətbiq olunması, həm də 30-a qədər elektrik enerjisi istehsal edən mənbələrin daha da təkmilləşdirilməsi, eyni zamanda Mingəçevir İES-dəki işlərin texniki baxımdan daha da yüksək səviyyəyə gətirilməsi, buna nəzarət edəcək insanların məsuliyyətinin birə-beş artırılması ilə əlaqədar kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Miqyası böyük olan hadisənin bir daha yaşanmayacağına əminlik yaranıb.
- Bu hadisə fonunda Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı sui-qəsd cəhdi oldu. Bu hadisə ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Heç bir şəxsə ixtiyar verilmir ki, başqasına qarşı güc tətbiq etsin, qanuna zidd hərəkət eləsin. Bu, birbaşa cinayətdir. Vəzifəli şəxsə qarşı sui-qəsd cəhdi ikiqat cinayət sayılır. Belə ki, hər hansı rayon və ya şəhərin rəhbəri həmin bölgənin simasıdır, orada yaşayan vətəndaşların əziyyətini çəkir, təkcə ailə qayğıları ilə yaşamır. Elmar Vəliyevin özü həm də Gəncənin qayğıları ilə məşğul olur, bölgədə quruculuq işləri həyata keçirir, iqtisadi proseslərin, quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə rəhbərlik edir. Ona qarşı qatı cinayət törətmək, silaha əl atmaq qətiyyən yolverilməzdir. Hər hansı narazılıq varsa, bir vətəndaş kimi məktub yazıb müraciət etmək olar. Kim haqq verib ki, silaha əl atasan? Bu cinayət hadisəsini qətiyyətlə pisləyirəm. Bu hadisəni törədən şəxs qanun qarşısında ikiqat məsuliyyət daşıyır.
- Elmar Vəliyev həm də Yeni Azərbaycan Partiyasının təmsilçisidir, partiyadaşınızın vəziyyəti ilə maraqlanmısınız?
- Elmar Vəliyev Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında iştirak edən şəxsdir. Yevlax şəhəri, sonradan Gəncəyə rəhbərlik etdiyi dövrə insanlarla isti münasibəti olub. Onu vəzifəsini məsuliyyətlə yerinə yetirən işgüzar, zəhmətsevər insan kimi dəyərləndiririk. Allah şəfa versin. Onun müalicəsini cənab prezident nəzarətə götürüb, ona görə tam əminik ki, müalicəsi yüksək səviyyədə keçəcək. İnşallah sağalsın, yaxın günlərdə öz kabinetində görüşək.