28 Avqust 2018 15:26
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Fransanın məşhur rejissoru, Tolstoy və Stanislavski soyunun nümayəndəsi Maksim Marduxayevin müsahibəsini təqdim edir.

- Əziz Maksim İosifoviç, müsahibə təklifimi geri çevirmədiyiniz üçün sonsuz təşəkkür edirəm.

- Buyur, mən də səninlə söhbətləşməkdən məmnunam.

- Bu sualı ertələyə də bilərdim. Amma dahi yazıçıya olan sevgim üstün gəlir. Ona görə elə ilk sualımı olunla bağlı vermək istəyirəm. Lev Tolstoy ananızın ulu babasıdır?

- Bildiyiniz kimi Lev Tolstoyla xanımı Sofyanın 11 övladı olub. Onların oğlu Mixailin Aleksandra adlı qızı doğulub. Bu mənim nənəmdir. Aleksandranın qızı Olqa isə anam...

- Ədəbiyyatdan azca da olsa, anlayışı olan insan bu tarixi fakt qarşısında biganə qala bilməz. Mənə çox maraqlıdır, nənəniz dahi babasını görmüşdü? Onunla bağlı nə kimi xatirələri vardı?

- Babası dünyasını dəyişəndə nənəmin cəmi 5 yaşı vardı. Odur ki, onunla bağlı çox xatirəsi yox idi.

- Bu gün Tolstoylar şəcərəsinin üzvləri arasında münasibət qorunub saxlanır?

- Hazırda Tolstoy soyunun 300-dən artıq üzvü var. Fransa, İsveçrə, Braziliya, Uruqvay, İtaliya və digər ölkələrə səpələnmişik. Uzun illərdir ki, soyumuzun çox gözəl ənənəsini yaşadırıq. İki ildə bir dəfə Tolstoy ailəsinə məxsus Krasnaya Polyanada görüşürük. Təsəvvür edirsiniz, bu qədər insan birgə zaman keçirir. Hər görüşdə dünyasını dəyişənləri yeni doğulanlar əvəzləyir.

- Çox dəyərli mənəvi irsdir. Bəs ulu babanızı sizə xatırladacaq əşyaları qalıbmı?

- 1917-ci il inqilabından sonra ailə üzvləri mühacir kimi müxtəlif ölkələrə qaçırlar. Dəyərli əşyalarının yalnız cüzi hissəsini aparmağa müvəffəq olurlar. İtaliyaya köçənlər Lev Tolstoyun ölümündən əvvəl xanımı Sofyaya hədiyyə etdiyi üzüyü apara bilirlər. Tolstoy o üzüyü ulu nənəmizə yaradıcılıq yolunda əvəzsiz yardımlarına görə bağışlamışdı. Yəqin məlumatlısınız ki, Sofya Levin onlarla əsərini yazıya köçürüb, nəşriyyat evləri ilə danışıqlar aparırdı. Ulu nənəmizin bu cəfakarlığı olmasaydı, yazıçı babamızın zəngin irsindən günümüzə çox az sayda əsər çatardı. Həmin üzük artıq 10 ildir ki, muzeydə qorunur.

Nənəmə isə babasının ölənədək əynindən çıxarmadığı köynəyi çatıb. Tolstoyun köynəkləri enli, rahat, bir az da uzun olardı. Materialı isə "sukno" adlanan yun parçasından hazırlanardı ki, onu da yalnız Hindistanda istehsal edərdilər. Bu köynəkləri ulu babamıza Londonda yaşayan şəxsi dərzisi tikərdi. Üzərində isə mütləq iki cib olardı. O həmin ciblərə karandaş və kağız qoyardı. Özü də hər səhər saat 6-da oyanar, gəzintiyə çıxardı. Hər dəfə cızma-qara edərdi. İndi həmin dəyərli köynəklərdən biri məndədir. Hətta anamla növbələşib geyinirik. Özümüzü inanılmaz dərəcədə xoşbəxt hiss edirik. Çünki inanırıq ki, dahi babamız da onu böyük sevgi ilə geyinərdi.

- Zənnimcə ananız ikiqat xoşbəxtdir. Bir yandan nəhəng Tolstoy irsi, digər yandan istedadın zirvəsi Stanislavski soyu...

- Elədir... Konstantin Stanislavski anamın babasıdır. Yəni nənəm Aleksandranın qayınatası... Onların əsl soyadı Alekseyevdir. Alekseyevlər inqilaba qədərki Rusiyanın 3 ən varlı ailəsindən biri olublar. Dünyanın dörd bir yanında parça istehsalçısı kimi şöhrət qazanıblar. Hətta Avropaya ilk dəfə qızıl saplarla bəzədilmiş parçalar istehsal ediblər. Bu parçalardan krallar, hakim təbəqələr üçün libaslar tikilərmiş. Bu gün Sankt Peterburqun qış meydanında ulu babamın bir sıra dəyərli hədiyyəsi qorunur. Ailənin incəsənətə dərin sevgisi olub. Rusiyaya gələn bütün aktyorlar mütləq Alekseyevlərin imarətində təşkil olunan ziyafətlərdə iştirak edirdilər. Ailəvi tez-tez teatrlara, konsertlərə gedərdilər. Getdikcə balaca Konstantin teatr adlı xəstəliyə yoluxur. 17 yaşı olanda teatrda aktyor kimi fəaliyyətə başlayır. Amma atasına heç nə demir. Hətta özünü sığortalayaraq səhnəyə Stanislavski soyadı ilə çıxır. Təbii ki, Konstaninin valideynləri teatra bağlı insanlar idilər, ancaq atası onun aktyor olmasını istəməzdi. Həddən artıq varlı olmaqlarına baxmayaraq, soyları əyalətli idi. Yəni damarlarında əsilzadə qanı axmırdı. Günlərin bir günü Konstantinin valideynləri tamaşaya baxmağa gəlirlər. Ata səhnədəki oğlunu tanıyır. Tamaşa bitəndən sonra qrim otağına gedib, onunla şərt kəsir. Deyir ki, sən teatrı atıb şirkətlərin başına keçməlisən. Kostya atasının qərarına çox üzülür. Atası otaqdan çıxır. Bu an qapını yenidən açır, "mənsə əvəzində sənə əsl teatr tikəcəm" - deyir. 3 ildən sonra ata Stanislavski oğluna Moskvanın ən böyük teatrını tikdirib, hədiyyə edir. Geri qalanını da məncə, bilməyən yoxdur.

- Sizin də çox maraqlı soyadınız var. Marduxayev...Əminəm ki, atanızın soyu ilə də qürur duyursunuz.

- Bəli, maraqlı və qədim soyaddır. Mənbələrdə soyumuz haqda bir sıra əhvalat var. Bu soy barədə İncildə də yazılıb. İkinci versiya isə daha maraqlıdır. Tarixdən izi silinmiş Babil dövlətinin son hökmdarının adı Marduk olub. Marduk o qədər mərhəmətli idi ki, insanlar onu ilahiləşdirib, tanrı zirvəsinə layiq görmüşdülər. Belə bir ehtimal var ki, biz onun soyundan törəmişik.

- Bəs özünüz haqda nə deyə bilərsiniz?

- 1960-cı ilin 24 fevralında artıq var olmayan ölkədə doğulmuşam.

- Haradır o ölkə?

- SSRİ... Özü də anam məni evdə dünyaya gətirib. Çünki doğulmağa çox tələsirdim. Atam xəstəxanaya getmək üçün küçəyə çıxıb, maşın axtardığı müddətdə evdə dünyaya gəlirəm. Özümdən böyük və kiçik iki qardaşım var. 1973-cü ildə anam məni və balaca qardaşım Kirili də götürüb, Parisə aparır. Onu da deyim ki, anam Olqa Alekseyeva 1933-cü ildə Parisdə dünyaya gəlmişdi. Hələ də sağdır və Parisdə yaşayır. Onun taleyi də çox keçməkeşli olub. Valideynləri İqor Konstaninoviç və Aleksandra Mixailovna Parisdə tanış olub, evlənmişdilər. Anası inqilab zamanı ailəsi ilə Fransaya mühacirət etmişdi. Atası isə uşaq vaxtı vərəmə düçar olur. Konstantin Stanislavski də oğlunu müalicə etdirmək üçün ailəsilə Parisə köçür. Elə o vaxtdan da Rusiyaya geri dönmürlər. Nənəmlə babam 15 illik ailə həyatından sonra ayrılmağa qərar verirlər. 15 yaşlı anamı da götürüb Rusiyaya geri dönməyə qərar verir. O dövr Stalinin hakimiyyət illəri idi. Gəmi ilə Marsel şəhərindən Odessaya qayıdırlarlar. Stalinin çağırışı da vardı ki, inqilabdan sonra ölkədən gedənlər geri qayıtsın. Biz sizi səbirsizliklə gözləyirik. İnsanlar gəmidə şampan içir, vətənə tələsirdilər. Gəmi limana yaxınlaşanda hər kəsi sahilə endirirlər. Kimlərisə güllələyirlər, ən yaxşı halda isə həbsə salıb, işgəncə verdilər. Babamla anam da həmin əzablara məruz qalırlar. Bu hadisə Konstantin Stanislavskinin əsasını qoyduğu Moskva Bədii Teatrının truppasının qulağına çatır. Moskvadan Odessaya gəlib, min bir əziyyətlə ata və qızını özlərilə aparmağa nail olurlar. Baxın elə o vaxtdan sonra anam öz anasını görmür. Uzun illər ana həsrətilə yaşayır.

- Ta ki, 1973-cü ilədək.

- Bəli, anama xəbər gəldi ki, anası xəstədir və onu yanına səsləyir. Böyük qardaşımın artıq 18 yaşı vardı və evlənmişdi. Odur ki, getməkdən imtina etdi. Mən və kiçik qadaşımsa anamla birgə Parisə yollandıq. Onu da deyim ki, SSRİ-dən xaricə çıxmasına izn verilən ilk pasportlar da bizə aiddir. Bizdən sonra isə Rostropoviçlər köçmüşdülər. Nə isə, qatara minib Parisə yollandıq.

- Nənənizin görüşünə...

- Özü də necə. Mənim təsəvvürümdə ideal nənə obrazı atamın anası idi. Atam Azərbaycanın dağ yəhudilərindən idi. Ailəsi də Bakıda yaşayırdı. Biz hər yay tətilində atamın anasıgilə qonaq gedərdik. Zima nənəm bəstəboy, iri gözlü, olduqca mərhəmətli insan idi. Bizim üçün böyük süfrələr açardı. Bildiyiniz köhnə Bakı məhəlləsi, əsl nənə ətri, qayğısız anlar, böyük ailə... Nənə deyəndə gözümün önündə Zima nənəmin obrazı canlanırdı. Təbii ki, anamın anasının da şəkillərini görmüşdüm, amma həyatda rastlaşmamışdım axı... Odur ki, Parisdə qatardan enəndə bizi qarşılayan qadını görüb, dəhşətə gəldim. Təsəvvür edin, gözlərimə inanmadım./Publika.az"

Ardı var...


Müəllif: Leyla

Oxşar xəbərlər