Dünyaca ünlü rus rəssam Nikas Safronov azərbaycanlı iş adamı, hüquq elmləri doktoru, professor İlham Rəhimovun portretini çəkib.
İdeyanın və portretin yaranması haqqında Musavat.com-a danışan N.Safronov bildirib ki, bu, onun son zamanlar ən sürətlə işlədiyi əsərlərdən olub: "Hörmətli İlham Rəhimovla təxminən yarım il öncə Antalyada tanış olmuşdum. O, Türkiyə-Rusiya iş adamlarının zirvəsini təşkil etmişdi. Maraqlıdır ki, məni mərasimə Rusiya tərəf yox, bir neçə ildir dostluq etdiyim Türkiyə heyətinin başqanı hörmətli Mehmet Mutlu dəvət etmişdi. Onun zirvədəki çıxışını dinlədim, regionla bağlı düşüncələri mənə çox maraqlı gəldi. Sənət dünyasında elə insanlar var, onları yaşadıqları toplum, çevrə, dünya maraqlandırmır. Mən isə ölkəmin, dünyanın gündəmini təqib etməyə, öz sənətimlə problemlərə işıq tutmağa, insanlığa çağın tələb etdiyi mesajlar verməyə çalışıram. Bu mənada ölkəmin yaxın coğrafiyadakı ölkələrlə dost münasibətləri, işbirliyi mənim üçün bir stumuldur. Üstəlik, mən Türkiyəni sevirəm. O ölkənin insanları, təbiəti mənim üçün özəldir. Professor Rəhimov həmin zirvəni təşkil etməklə bizim nəslin görməyə adət etdiyi soyuq Türkiyə-Rusiya münasibətlərinə bir istlik gətirirdi, körpü rolunu oynayırdı. Beləcə tanış olduq. Zirvə görüşü bitəndə Moskvada görüşməyi qərara aldıq. Sənətlə maraqlandığını hiss edib onu evimə dəvət etdim. Ancaq iş elə gətirdi ki, biz professorla onun məkanında, işgüzar şəraitdə görüşməli olduq. Söhbət zamanı onun dünya görüşü, maraqlı həmsöhbət olması məndə çox müsbət emosiyalar yaratdı. Söhbət edə-edə beynimdə onun portretini çəkməyə başladım.
Məndə adətən belə olur - bəzilərinin portretlərini canlı çəkirəm, bəzilərini foto üzərində işləyirəm, bəzilərini də göz yaddaşı ilə. Rəsmlərini göz yaddaşı ilə işlədiyim şəxslər daha çox düşüncələri mənə maraqlı gələn, ünsiyyətdə olarkən sayğı duyduğum insanlardır. Onların sayı elə də çox deyil. Beləcə ideya yarandı. Amma təbii göz yaddaşı ilə yetərlənmək olmazdı".
Onu da vurğulayaq ki, Nikas Safronovun eskiz kimi istifadə etdiyi foto Musavat.com-un arxivindəndir: "Bakıdakı dostlardan bir neçə şəkil istədim. Ən çox bəyəndiyim bu foto oldu. Çünki bu şəkildəki mimikalar onun düşüncəmdəki obrazını ifadə edirdi. Emalatxanamda molbertə əlimi atmağımla portretin əsas hissəsini hazırlanması arasında çox az zaman oldu. Sima hazır idi… bəs, fon? Tərəddüdlərim vardı… Moskva, yoxsa, Piter? Bəlkə Azərbaycan, Bakı ilə bağlı təsvirlər? Sonda dostlarla qərara gəldik ki, Sankt-Peterburq üzərində dayanaq. Çünki professor orada təhsil alıb. Məhz bu möhtəşəm şəhər onun Rusiyadakı həyatının başlanğıcı olub. Ümid edirəm, professor ideyadan və portretdən razı qalacaq. Bu mənim bir vətəndaş, bir rəssam kimi onun Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi üçün gördüyü böyük işlərə təşəkkürümdür".
Qeyd edək ki, Nikas Safronov dünyanın yaşayan 10 ünlü rəssamından biridir. Dünyanın bir çox siyasi liderinin, ünlü sənət adamlarının portretlərini çəkən Safronov çağdaş portretizmin ən böyük ustası sayılır.