6 Sentyabr 2018 00:59
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətənpərvər” Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının “Mənim gecəm” proqramının qonağı olub.

Teleqraf.com xəbər verir ki, Seymur Nəsirov Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Misirdə Azərbaycan diasporunun fəaliyyətlərindən danışıb.

O bildirib ki, uzun illərdir Azərbaycan diasporu Misirdə iki ölkə arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atıb. Tədqiqatçı-alim ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasından və bütün dünya azərbaycanlılarının həmrəy olması üçün apardığı nümunəvi siyasət barədə danışıb.

Seymur Nəsirov hər il 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyini söyləyib.
O, Azərbaycandakı multikultural dəyərlər və tolerantlıq ənənələrinə də toxunub: “Azərbaycan tarixən böyük bir ərazini əhatə edib. Əfsuslar olsun ki, hazırda bu torpaqlardan sadəcə 86,6 min kvadrat metr ərazi Azərbaycan dövlətinin ərazisi sayılır və bütün dünya dövlətləri tərəfindən də qəbul olunub. Qonşu ölkələrin işğalı səbəbindən dünyada yaşayan 50 milyon azərbaycanlının sadəcə 10 milyonu müstəqil Azərbaycan dövlətinin rəsmi vətəndaşıdır”.

Tədqiqatçı-alim qeyd edib ki, hazırda Qahirədəki diaspora mərkəzində dünyanın 17 ölkəsindən olan 150-dən çox tələbəyə Azərbaycan dili başda olmaqla, müxtəlif fənlər ödənişsiz tədris olunur. Birliyin sədri bu fəaliyyətə 15 il öncə başladığını və bundan sonra da davam etdirməyə çalışacağını vurğulayıb.

Qeyd edək ki, Seymur Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində ölkəmizlə bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər