17 Sentyabr 2018 13:30
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevindirici haldır ki, ölkəmizdə ana və uşaq ölümlərinin sayı azalır.

Bu sözləri Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, 2016-cı ildə ölkə üzrə ana ölümü ən aşağı göstəriciyə enib: “Hər 100 min nəfər diri doğulana 13,08 faiz ana ölümü düşürdü. Bu, il ərzində 22 ana ölümü demək idi. 2017-ci ildə ana ölümü 21 nəfər olub”.

Komitə rəsmisi bildirib ki, ana və uşaq ölümü hallarında təkcə həkimlər yox, hamilə qadınların özləri də məsuliyyət daşıyır: “Qadınlar ailə həyatı quran zaman xəstəliyi varsa, üzə çıxarmırlar. Bəzən heç özləri də xəbərsiz qalır, patologiya aşkarlananda isə artıq gec olur. Hamiləlik qadın üçün məsuliyyətli və həssas dövrdür. Bu zaman bəzən hamiləliyin ağırlaşması halları olur və faciə baş verir”.

Aynur Veysəlova qadınların həm hamiləlikdən əvvəl, həm də hamiləlik dövründə vaxtaşırı həkimə müraciət etməsi, onlardan məsləhət alması vacibliyini qeyd edib: “Elə hamilə qadınlar var ki, 6-7 ayına qədər ultrasəs müayinəsindən keçmir, qadın məsləhətxanalarında qeydiyyata düşmürlər.

Ola bilər ki, uşaq doğulanda ana və ya körpə ölümü baş verməsin, amma müxtəlif xəstəliklərin yaranma ehtimalı olsun. Elə infeksiyalar da var ki, qadınların onlardan xəbəri yoxdur, həmin infeksiya dölün inkişafına təsir edə, uşaq qüsurla doğula bilər.

Bəzən qadınlar müayinədən keçmək istəyəndə həyat yoldaşları buna ciddi baxmır, müxtəlif cahil bəhanələr gətirirlər. Buna görə də biz təkcə qadınlar arasında yox, ailə qurmuş evli kişilər, ailə qurmağa hazırlaşan gənclərlə də maarifləndirmə işi aparırıq. Sağlamlıq birinci insanın özündən başlayır, sonra dünyaya gətirdiyi uşaqla davam edir”.

Aynur Veysəlova xatırladıb ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunub: “Həmin dövlət proqramı çərçivəsində bir sıra məsələlər, o cümlədən ana və uşaq ölümlərinin qarşısının alınması bizim komitə üçün əsas vəzifələrdən biridir. Biz qadınlar arasında maarifləndirmə işlərini aparırıq. Çox təəssüf ki, yenə də ölüm hallarına rast gəlirik”.

Baş məsləhətçi deyib ki, Komitə eyni zamanda sosial çarxlar hazırlayır və müəyyən araşdırmalar, təhlillər aparır: “Qadın və kişilərin reproduktiv sağlamlığı ilə bağlı hesabatlar hazırlanır. Bu araşdırma ona görə vacibdir ki, baş verən hadisələrin səbəblərini daha dəqiq və aydın görək. Bundan sonra təklif planları hazırlanacaq və yeni istiqamətlərə, yeni layihələrə start veriləcək”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər