18 Sentyabr 2018 08:53
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında metroda, avtobusda əsnəyən insanları, ən çox da uşaqları tez-tez görmək mümkündür. Bir müddətdir tətildə olan və səhər yuxudan oyanmağa alışmayan uşaqlar çətinlik çəkirlər. Bu, təkcə uşaqların yox, tətilsiz işləyən, məzuniyyətdən qayıdan insanların da problemidir. Bəs səhər-səhər rahat oyanmaq üçün nə etməliyik? Ən çox yuxu problemi yaşayan kimlərdir?

Psixoloq Gülər Məmmədova Teleqraf.com-un bu yöndə suallarını cavablandırıb.

Onun sözlərinə görə, yay istirahət rejimindən birdən-birə payız rejiminə keçid şagird və tələbələrdə diskomfort yaradır: “Bütün yayı tələsmədən yatan, ləng həyat tərzi sürən, dincələn insan birdən-birə erkən oyanmaq məcburiyyətində qalır.

Eyni zamanda yuxu sisteminin düzgün qurulmaması da belə bir durum yaradır. Tutalım, axşamlar uzun müddət sosial şəbəkələrdə olmaq, yaxud başqa bir səbəbdən gec yatmaq hansı fəsil olur-olsun insanın yuxu sisteminə mənfi təsir göstərir. Belə olduqda uşaqların məktəbə getməsində, yuxudan durmasında çətinliklər yaranır. Yuxu sistemində bu cür narahatlıqlar olmasın deyə valideynlər uşaqlara nəzarət etməlidir.

Belə problem birbaşa sinir sisteminə təsir edir, psixoloji narahatlıq, hətta psixi problemlər formalaşdırır. Çünki çox qısa müddətdə yatmaq və erkən oyanmaq gün ərzində insan psixologiyasına, əhval-ruhiyyəsinə mənfi təsir göstərir”.

Psixoloq deyib ki, məqsədyönlü insanlar axşamdan daha tez yatmağa çalışır: ”Belə adamlar sağlam həyat tərzinə uymaqla, çətinliklərlə qarşılaşacağını nəzərə alaraq yuxu normasına əməl edirlər. Hər bir insanın ən azı 6-7 saat yuxu normasına əməl etməsi gərəkdir. Belə olmayanda, xüsusən azyaşlı uşaqlar əziyyət çəkir, onlarda sağlam enerji olmur, ödəniləsi yükü, beynin tapşırıqlarını icra edə bilmirlər. Onlarda süstlük, ruhdan düşmə halları daha çox müşahidə olunur. Bundan ən çox əziyyət çəkən isə uşaq və yeniyetmələrdir”.

Gülər Məmmədovanın sözlərinə görə, bəzi insanların fizioloji quruluşu elədir ki, yalnız zəngli saatlarla oyanırlar: “Bu, artıq vərdişə çevrildikdə insan saat zənginə oyanır. Bəzi insanlar o qədər yatmağa meyllidir ki, onlar zəngli saatla belə yuxudan qalxa bilmirlər”.

Psixoloq yuxu rejiminə paltar və yataq otağının təsirinin olmadığını bildirib: “Hər hansı paltarla və ya çılpaq yatmaq yuxu üçün meyar sayılmır. İnsanın beyni sakit olduqda yatır. Beyin sakit deyilsə, istər rahat paltar geyin, istər yatağı gül-çiçək olsun, yuxu yenə alınmayacaq. Bu hər kəsin vərdiş etdiyi həyat tərzindən asılıdır.

Hər kəsin yuxu sistemi özünün qurduğu həyat modelinə uyğun yaradılıb. İnsan yuxu rejimindən belə həzz almağı bacarmalıdır.

İnsan nə qədər doyumlu yatsa, zehni bir o qədər oyaq olar. Uşaqlar üçün bunun xüsusi əhəmiyyəti var. Yalnız açıq, sağlam zehinlə dərsi yaxşı mənimsəmək mümkündür”.

Psixoloqun sözlərinə görə, sevimli ifaçının mahnısını səhər işə getməzdən əvvəl dinləmək ən yaxşı haldır. Günə gümrah başlamaq üçün səhər yeməyini unutmayın.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər