Sentyabrın 22-də İranda baş verən terror aktı regionda gərgin olan münasibətləri daha da ağırlaşdıracaq.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.
Onun sözlərinə görə, İran tərəfi ənənəvi olaraq bu işdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanını ittiham edir:
“Rəsmi şəkildə isə olaya görə “Əhvaz Ərəb Azadlıq Hərəkatı” məsuliyyəti öz üzərinə götürüb. Ən maraqlı və diqqətçəkən məqam odur ki, təşkilatın rəhbəri Həbib Cəbr milli bayram münasibətilə Səudiyyə Ərəbistanı kralını təbrik edib”.
Z.Əmrəliyev terror aktının törədilməsində iki versiya olduğunu düşünür:
“Əvvəla, bir neçə gün əvvəl Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi üçtərəfli görüş və burda əldə olunmuş bəzi razılaşmaları diqqətə almaq lazımdır. İkincisi, İranın Hörmüz boğazını bağlamaq istəməsi və burada hərbi təlimlər keçirməsi nəzərdən yayınmamalıdır. İranın Xarci İşlər naziri Cavad Zərif yazdığı tvitdə İranın bu terror aktına qətiyyətlə cavab verəcəyini bildirib. Bu isə onu göstərir ki, rəsmi Tehran yaxın zamanda ittiham etdiyi bu 3 dövlətə qarşı sərt addımlara start verə bilər”.
Siyasi şərhçi bildirib ki, diqqətçəkən daha bir məqam isə həlak olan hərbçilərin böyük əksəriyyətinin İslam İnqlabı Keşikçilər Korpusunun (SEPAH) əsgərləri olmasıdır:
“Bu ordu qruplaşması İranda bilavasitə ali dini liderə tabedir. Fikrimcə, bu da təsadüfi deyil. Görünür, maraqlı qüvvələr bununla həm də prezident Həsən Ruhani və Ali dini lider Əli Xamneyi arasındakı gərginliyi daha da artırmaq istəyirlər. İranda Qərblə razılaşmanın tərəfdarı olan və bu məsələdə müəyyən yol qət etmiş Ruhaniyə inam Tramp administrasiyasının etdiyi hərəkətlərə görə onsuz da son vaxtlar kəskin şəkildə azalıb. Artıq əksər iranlılar düşünür ki, ABŞ Ruhanini aldadıb. Bundan əlavə, bir neçə gün əvvəl Suriya səmasında Rusiyaya məxsus təyyarə vurulmuş və bir neçə hərbçi həlak olmuşdu. İstər-istəməz ağla bu iki hadisə arasında paralellər olub-olmadığı və bu hadisələrin eyni mərkəzdən idarə olunub-olunmadığı sualı da gəlir”.